TƏBİB: Gənc həkimlərin rayonlara işə cəlb olunması istiqamətində tədbirlər həyata keçiriləcək

Layihənin əsas məqsədi ərazilərdə ilkin səhiyyə xidmətinin yaradılmasına və inkişaf etdirilməsinə dəstəkdir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə bərabər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Şamaxı rayonunda layihə həyata keçirib. Həmin layihə çərçivəsində ölkədə ilkin səhiyyə xidmətləri beynəlxalq təşkilatların təcrübəsinə istinadla tətbiq edildi. Bu təcrübələrin müsbət nəticələrini Azərbaycanın digər ərazilərində də tətbiq etməyi planlaşdırırıq.

Frame.az xəbər verir ki, bunu TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli jurnalistlərə müsahibəsində deyib.

ÜST və UNICEF-in Azərbaycanda birgə həyata keçirəcəyi “İlkin səhiyyə xidmətinin gücləndirilməsi” layihəsinin əsas məqsədlərindən birinin səhiyyə işçilərinin bilik və bacarıqlarının beynəlxalq səviyyəyə çatdırılması olduğunu deyən departament rəhbəri deyib: “Ötən illərə nəzər salsaq, səhiyyə işçiləri, əsasən, özəl tibb mərkəzlərində işləməyə üstünlük verirdilər. İcbari tibbi sığorta tətbiq olunduqdan sonra bu sahədə əks axın müşahidə edilib. Həkimlər maddi motivasiyaların artması səbəbindən TƏBİB-ə tabeli tibb müəssisələrində çalışmaq istəyir.

Lakin qeyd edim ki, ölkənin ucqar bölgələrində kadr çatışmazlığı var. Təhsilini bitirən həkimlərin rayonlara işə cəlb olunması istiqamətində müəyyən tədbirlər həyata keçiriləcək. Eyni zamanda həkimlərin iş şəraitinin yaxşılaşdırılması, onların bilik və bacarıqlarının artırılması, davamlı tibbi təhsilə cəlb olunmasını planlaşdırırıq”.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: