“Azərbaycanda icbari tibbi sığorta mexanizmlərinin gücləndirilməsi (2-ci faza)” tvininq layihəsi çərçivəsində Litva Respublikasının Səhiyyə Nazirliyinin tabeliyindəki Milli Tibbi Sığorta Fondu və Tibbi Ərzi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri arasında görüş keçirilib.
TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildiririk ki, görüşdə TƏBİB-in İnsan resursları departamentinin rəhbəri Günəş Qədimova, Maliyyə departamentinin rəhbəri vəzifəsini icra edən Xəyal Cəlilov və digər nümayəndələr, Litva Respublikası Səhiyyə Nazirliyinin tabeliyində Milli Tibbi Sığorta Fondunun direktor müavini Tatyana Qolubayeva, fondun İqtisadiyyat departamentinin direktoru Simona Adamkeviciute, tvininq layihəsinin rezident müşaviri Qediminas Çerniauskas iştirak edib.
Görüşdə tibb müəssisələrinin maliyyə təminatı və tibbi audit, eləcə də strategiya və strukturla bağlı geniş fikir mübadiləsi aparılıb.
Qonaqlara TƏBİB-in maliyyə təminatı, icbari tibbi sığorta çərçivəsində tibb müəssisələrinin maliyyələşdirilməsi, tabeli tibb müəssisələrinin idarəedilməsi, onların fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, tvininq layihəsini Avropa İttifaqının maliyyə dəstəyi ilə Litva Dövlət Tibbi Sığorta Fondu və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə həyata keçirir.