SağlamlıqTəqdimat

TƏBİB-in İcraçı direktoru Kubanın ictimai səhiyyə naziri ilə görüşüb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov Kuba Respublikasının ictimai səhiyyə naziri Xose Anxel Portal Miranda ilə görüşüb.

TƏBİB-dən verilən məlumata görə, Kuba nümayəndə heyətinin tərkibində Kuba Respublikasının Xarici İşlər Nazirliyinin Avropa və Kanada İdarəsinin rəhbəri Cizela Qarsia Rivera, Kuba Respublikasının Azərbaycan Respublikasındakı səfiri Karlos Enrike Valdes de la Konsepsyon təmsil olunublar.

Görüşdə Azərbaycan və Kuba arasında səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi, kadr hazırlığı, ailə həkimi modelinin təkmilləşdirilməsi, biofarmasevtika istiqamətində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Qonaqları salamlayan TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Kuba ilə diplomatik əlaqələrin 30 ildən çoxdur ki, qurulduğunu və uğurla davam etdiyini bildirib. O qeyd edib ki, ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi bunun bariz nümunəsidir.

İcraçı direktor son illər Azərbaycan ilə Kuba arasında siyasi sahədə olduğu kimi, səhiyyə sahəsində də ikitərəfli münasibətlərin dinamikasında fəallıq müşahidə edildiyini qeyd edib. TƏBİB-in fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verən V.Qurbanov ölkəmizdə pandemiya ilə mübarizə tədbirləri çərçivəsində Kuba ilə səmərəli əməkdaşlığa da diqqət çəkib. O, COVID-19 infeksiyasına yoluxmuş şəxslərin müalicəsi üçün Kuba Respublikasından dəvət olunmuş 236 nəfərdən ibarət tibbi heyətin TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəz, Yeni Klinika və Binəqədi Tibb Mərkəzinin tabeliyində qurulmuş Abşeron Olimpiya İdman Kompleksində uğurla fəaliyyət göstərdiyini xatırladıb.

İcraçı direktor bundan sonra da Kuba ilə səhiyyə sahəsində yeniliklər, təcrübə mübadiləsi, tibb personalı üçün təlimlərin keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Kuba Respublikasının ictimai səhiyyə naziri Xose Anxel Portal Miranda isə öz növbəsində görüşün vacibliyini qeyd edərək, pandemiya ilə mübarizə çərçivəsində Kubanın 58 tibbi briqadasının 57 ölkəyə ezam olunduğunu, onlardan Azərbaycana ezam olunan həkimlərin TƏBİB-lə bağlı yüksək təəssüratla geri döndüyünü vurğulayıb. Eyni zamanda nazir “Ailə həkimi” modelinin Azərbaycanda təkmilləşdirilməsi üçün Kubanın öz təcrübəsini bölüşməyə hazır olduğunu diqqətə çatdırıb.

“Kubada ailə həkimi əhalinin 100 faizini əhatə edir. Əhalinin hər min nəfərinə 1 həkim və 1 tibb bacısı düşür. Bir nəfərə düşən həkim sayına görə dünyada ön sıralarda qərarlaşırıq”, – deyə nazir vurğulayıb.

Qarşılıqlı müzakirə şəraitində keçən görüşün sonunda əməkdaşlıq üzrə texniki işçi qrupunun yaradılması qərara alınıb.

Qeyd edək ki, Kuba nümayəndə heyəti martın 2-də Bakı şəhərində keçiriləcək Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun pandemiyadan sonrakı qlobal bərpa mövzusuna həsr olunmuş Sammitində iştirak etmək üçün ölkəmizdə rəsmi səfərdədir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!