SağlamlıqTəqdimat

TƏBİB-in nümayəndələri Almatı şəhərində keçirilən konfransda iştirak edib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri Qazaxıstan Respublikasının Almatı şəhərində “BRİEF: ilkin səhiyyə xidməti səviyyəsində qeyri-infeksion xəstəliklərin risk faktorlarına qarşı inteqrasiya olunmuş qısamüddətli müdaxilələr” mövzusunda konfransda iştirak edib.

TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildiririk ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qeyri-infeksion xəstəliklərlə mübarizə və profilaktika üzrə Avropa regional bürosunun, ilkin tibbi-sanitariya yardımı üzrə Avropa regional mərkəzinin təşkilatçılığı ilə keçirilən konfransda mövzu ilə bağlı TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin əməkdaşları fikirlərini bölüşüblər. Onlar çıxışlarında qeyri-infeksion xəstəliklərin profilaktikası üzrə tədbirlərin həyata keçirilməsi ilə bağlı təkliflərini səsləndirib, ölkədə bu sahədə görülən işlər barədə danışıblar. Eyni zamanda, bu sahədə ÜST-nin Avropa regional bürosu ilə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Tədbirdə ilkin səhiyyə xidməti səviyyəsində qeyri-infeksion xəstəliklərin risk faktorlarına qarşı inteqrasiya olunan qısa müdaxilələri əks etdirən təlimatın təqdimatı da keçirilib.

Məzmun və mahiyyəti ilə yanaşı, təlimatın tibb işçiləri, o cümlədən səhiyyə idarəetməsində çalışan şəxslər tərəfindən gələcəkdə praktik istifadəsini asanlaşdıran meyarlar müzakirə olunub.

Konfrans zamanı qeyri-düzgün qidalanma, tütün, alkoqol, artıq çəki, zəif fiziki aktivliklə mübarizədə inteqrasiya olunmuş qısa müdaxilələr və xidmətlər, onların həyata keçirilməsinə mane olan və asanlaşdıran faktorlar ətrafında da fikir mübadiləsi aparılıb.

Həmçinin region ölkələrinin həkim-mütəxəssisləri, səhiyyə siyasəti sahəsində çalışanlar qısa müdaxilə proqramlarının həyata keçirilməsi təcrübəsi ilə tanış olublar.

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!