Site icon Frame.az

“Tədqiqat etikası və etik komissiyaların fəaliyyəti” mövzusunda təlimlərə start verilib

Bu gündən etibarən TƏBİB tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi və Türkiyənin Hacettepe Universiteti Bioetika Tədqiqat və Təlim Mərkəzi ilə əməkdaşlıq çərçivəsində “Tədqiqat etikası və etik komissiyaların fəaliyyəti” mövzusunda baza təlimlərinə start verilib.

TƏBİB-dən Frame.az-a bildirilib ki, təlimlərin keçirilməsində əsas məqsəd respublikamızda tibb sahəsində tədqiqat etikası istiqamətində olan problemləri həll etmək üçün tədqiqatçıları beynəlxalq araşdırma standartları ilə tanış etmək, sahə üzrə mütəxəssislərin bilik-bacarıqlarını təkmilləşdirmək, müvafiq təlimatlar və metodik tövsiyələr verməkdən ibarətdir.

Tədbirdə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Nadir Zeynalov, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, Milli Məclisin Səhiyyə komitəsinin sədri, millət vəkili Əhliman Əmiraslanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Halil İbrahim Durak, Hacettepe Universiteti Bioetika Təlim və Tədqiqat Mərkəzinin rəhbəri Nüket Örnək Büken, ali təhsil müəssisələrinin, eləcə də, tabeli elmi-tədqiqat institutların rəhbər şəxsləri iştirak edib.

Tədbiri TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov açaraq son illərdə səhiyyənin təkmilləşdirilməsi istiqamətində dövlət siyasətindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səhiyyə sahəsində apardığı məqsədyönlü islahatlardan danışıb. Ölkəmizin həm struktur, həm də keyfiyyət baxımından yeni səhiyyə modelinə keçdiyini qeyd edən V.Qurbanov tibbin inkişafı, müayinə və müalicə metodlarının təkmilləşdirilməsinin məhz keyfiyyətli və beynəlxalq standartlara uyğun elmi-tədqiqatların aparılması nəticəsində meydana gəldiyini bildirib.

Çıxış edən Nadir Zeynalov, Əhliman Əmiraslanov, Cahit Bağçı, Halil İbrahim Durak və Nüket Örnək Büken təlimlərin məqsədi, tibb sahəsində tədqiqat etikasının mahiyyəti, problemlərin həll edilməsi üçün tədqiqatların, eləcə də beynəlxalq əməkdaşlığın əhəmiyyətindən danışıblar.

Məlumat üçün qeyd edək ki, Yeni Klinikada keçirilən təlimlər 4 mart tarixinə qədər davam edəcək.

Exit mobile version