Site icon Frame.az

Tələbələr üçün təlim keçirilib

19 oktyabr tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan İdman Akademiyasının fiziki tərbiyə fənnini tədris edəcək gələcək mütəxəssisləri üçün “TOPs – təhsilalanların fiziki hazırlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsi çərçivəsində təlim keçirilib.

Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə TOPs metodologiyası üzrə təşkil olunan təlim zamanı fiziki tərbiyə fənninin məqsədi, məzmunu, müəllimin rol və vəzifələri, müsbət tədris mühitinin yaradılması və inklüziv tədrislə bağlı müzakirələr aparılıb, müasir təlim üsulları vasitəsilə dərslərin tədrisinin yüksəldilməsi üçün nəzəri və praktiki məşğələlər keçirilib. Praktik məşğələlərlə dərslərin effektli tədris edilməsi üçün TOPs Oyun–metodiki tədris kartlarından istifadə qaydaları tələbələrə izah edilib.

Təlimlər başa çatdıqdan sonra TOPs proqramı üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən tələbələrin təlimöncəsi və təlimsonrası qiymətləndirilməsi aparılıb, iştirakçılara TOPs Metodiki tədris kartları təqdim edilib.

Qeyd edək ki, TOPs layihəsi 2014-2015-ci tədris ilindən pilot olaraq Bakının 3 məktəbində tətbiq olunmağa başlanılmış, 2022-2023-cü tədris ilində Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən bütün ümumi təhsil müəssisələrini əhatə etmişdir.

Layihə Elm və Təhsil Nazirliyi, “British Council”, Azərbaycan İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə ümumtəhsil məktəblərində təhsilalanların hərəki bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, onların fiziki sağlamlığının inkişaf etdirilməsi, fiziki tərbiyə və ibtidai sinif müəllimlərinin TOPs metodologiyası vasitəsilə bilik və bacarıqlarının, fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün fəal tədris metodikasının təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilir. Metodika fiziki tərbiyədə inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir.

 

Exit mobile version