Site icon Frame.az

Tarixi sənəd imzalandı: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, uzun illər ərzində işğal altında qalan Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini, Qarabağın incisi olan Şuşa şəhərini işğaldan azad etdi. Beləliklə, 44 gün ərzində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi.

Xalq-Ali Baş Komandan birliyi Ordumuzun zəfər yürüşünün əsasını təşkil etdi

Xalq-Ali Baş Komandan, xalq-ordu birliyi üzərində qurulan zəfər yürüşü ilə Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasının bir qismini də uğurla icra etdi. Ümumilikdə, hərbi kampaniya dövründə 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu.

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Hərbi ekspertlərin, elə ermənilərin özlərinin də dediyi kimi, “kim Şuşaya nəzarət edirsə, Qarabağa da o nəzarət edir”.

Şuşa azad edildikdən bir gün sonra, noyabrın 9-da Prezident İlham Əliyev daha 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad olunası barədə ölkə ictimaiyyətini məlumatlandırdı. Beləliklə, hərbi əməliyyatlar zamanı darmadağın edilən düşmən Prezident İlham Əliyevin irəli sürdüyü şərtləri qəbul edərək, məğlubiyyətini etiraf etdi. Bu, Azərbaycan xalqının şanlı qələbəsidir.

Dağlıq Qarabağ münaqişəsi bitdi: İmzalanan bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır

Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdü, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası mənasını itirdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı. Dünya hərb tarixi də göstərir ki, belə itkilərə məruz qalmış tərəf məğlub hesab edilir, təslim olur və hərbi əməliyyatlar dayandırılır.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Beləliklə Paşinyan kapitulyasiya şərtlərinə razılığını verdi. Dövlətimizin başçısı dəfələrlə, o cümlədən BBC-yə son müsahibəsində də bəyan etmişdi ki, Ermənistan qoşunlarının çıxarılması barədə öz üzərinə öhdəlik götürdüyü halda hərbi əməliyyatlar dayandırılacaq.

Noyabrın 10-da imzalanan birgə bəyanatda Ermənistan öz üzərinə öhdəlik götürür ki, qarşıdakı 20 gün ərzində Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracaq. Nəticə etibarilə, dekabradək qan tökülmədən, itki verilmədən ərazi baxımdan böyük rayonlarımız azad olunacaq. Həmçinin bölgədə sülhyaratma prosesi Rusiya və Türkiyənin birgə iştirakı ilə təmin ediləcək, sülhməramlıların əraziyə gəlməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə sinxron qaydada aparılacaq.

Ərazi bütövlüyümüz təmin olundu: Heç bir statusdan söhbət gedə bilməz

Bəyanatda digər önəmli məqam ondan ibarətdir ki, burada Dağlıq Qarabağa hər hansı statusun verilməsindən söhbət getmir və Azərbaycanın ərazi bütövlüyü tam təmin olunur. Bu, Azərbaycanın tam və qeyd-şərtsiz qələbəsinin əyani sübutudur.

Artıq qoşunların təmas xətti anlayışı yoxdur. Atəşkəs hazırda Ermənistan və Azərbaycan silahlı qüvvələrinin yerləşmə məntəqələri ilə müəyyən olunur. Rusiya və Türkiyə silahlı qüvvələri sülhməramlı statusda məhdud kontingentlə əraziyə yerləşdirilir. Sülhməramlıların yerləşmə müddəti üç il müəyyənləşdirilir.

Prezident İlham Əliyev həmişə bəyan edirdi ki, münaqişənin həlli prosesində Türkiyə də iştirak etməlidir. Türkiyə həm də atəşkəs rejiminə nəzarət etmək üçün yaradılacaq birgə monitorinq missiyasında da fəal yer alacaq. Türkiyə hərbçilərinin prosesdə iştirakı ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaq.

Azərbaycan mülki insanlarla müharibə aparmır və Ermənistandan fərqli olaraq etnik təmizləmə həyata keçirmək niyyətində deyil. Hərbi baxımdan Xankəndi və ətraf məntəqələrin götürülməsi Azərbaycan Ordusu üçün heç də çətin deyildi. Erməni propaqandası da bu məqamı gözləyirdi ki, Azərbaycanı etnik təmizləmə törətməkdə günahlandırsın.

Azərbaycan həmişə Dağlıq Qarabağda sülh şəraitində birgəyaşayışın mümkünlüyünü bildirmişdi. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, dünyanın müxtəlif ölkələrində azərbaycanlılar və ermənilər bir yerdə yaşayır və hər hansı xoşagəlməz hallar baş vermir. Buna görə də Azərbaycan Dağlıq Qarabağda hər iki icmanın birgə yaşayışını həmişə dəstəkləmişdi.

Naxçıvan blokadadan azad olur: Azərbaycan xalqı qələbəni bayram edir

Sənəddə yer alan digər önəmli məqam isə Naxçıvanın blokadadan azad olunması ilə bağlıdır. Belə ki, Rusiya tərəfi Ermənistan ərazisi üzərindən Naxçıvan ilə dəhlizin yaradılmasını öz üzərinə götürür.

Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiya tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilərlə qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Yüksək dağlıq şəraitdə həyata keçirilən Şuşa əməliyyatı Azərbaycanın hərb tarixinin ən parlaq səhifəsidir.

Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərildi. Öz siyasətini xalqın maraqları əsasında quran Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi.

İnformasiya müharibəsində də Prezident İlham Əliyev ölkəmizə qarşı olan bütün hücumların qarşısını məharətlə aldı. Dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibə beynəlxalq informasiya məkanında ölkəmizə qarşı yönəlmiş hücumları dəf etdi.

Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Yekun nəticədə Azərbaycan xalqının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi yaxşı bildiyini bir daha nümayiş etdirdi.

Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bu qələbə xalqımızın əzmini, qəhrəmanlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Dünya gördü ki, məğlubiyyətlə heç vaxt barışmayan Azərbaycan xalqı öz qələbəsini döyüş meydanında əldə etdi.

Bu şanlı qələbəmiz Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının məntiqi yekunudur.

Exit mobile version