Beynəlxalq Muğam Mərkəzində “Cadenza” orkestrinin Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş konsert proqramı təqdim edilib

“Koordinat 39°54’47” şm.e. 46°47’25” ş.u.; qar üzərindəki ayaq izləri ilə” adlı ədəbi-musiqili gecədə Aqşin Əlizadənin “Muğam”, Qara Qarayevin 14 və 24 nömrəli prelüdləri, Ayaz Qəmbərlinin “Hüzn”, Tahir İbişovun “Epitafiya”, Rəhilə Həsənovanın “Ulduzların laylası” və Üzeyir Hacıbəylinin “Cəngi” əsərləri səsləndi.

Konsertdən əvvəl musiqişünas Şəfaqət Məmmədova çıxış edərək layihənin konsepsiyası ilə bağlı fikirlərini bölüşdü. Bildirdi ki, əsərlərin seçimi Xocalı faciəsi baş verən o məşum gecənin musiqi ilə sanki portretini çəkir. A.Əlizadənin “Kənd süitası”ından “Muğam”la başlayan proqram hələ heç nədən xəbəri olmayan Xocalı sakinlərinin faciəyə addım-addım yaxınlaşmalarını, bu əsərin ardınca, səslənən əsərlər isə bütünlüklə Xocalı qətliamının musiqi ilə rənglərini nümayiş etdirir. Sonda səslənən “Cəngi” isə qələbə rəmzidir…

Konsert proqramı boyunca monitorda Xocalı faciəsindən lentə alınan kadrlar nümayiş olunurdu.

Ədəbi-musiqili gecənin konsertmeysteri Samir Əsədov, qiraətçi Cavid Baba, videoart müəllifi Elnur Mehdiyevdir.
Qeyd edək ki, səslənən əsərlərdən A.Əlizadənin “Muğam” əsəri bəstəkarın “Kənd süitası”ndan Mustafa Mehmandarov tərəfindən işlənib. Ü.Hacıbəylinin “Cəngi” əsərini isə orkestr üçün Ayaz Qəmbərli hazırlayıb. Q.Qarayevin 14 və 24 nömrəli prelüdlərini Səid Qəni işləyib.

Xatırladaq ki, 2016-cı ildən fəaliyyət göstərən “Cadenza” orkestri Azərbaycanda müasir musiqi ifaçılığı və ənənəsini yaşatmağı, çağdaş musiqi ənənələrini davam etdirməklə yanaşı, musiqi maarifçiliyini həyata keçirməyi, müxtəlif auditoriyalar üçün konsertlər təşkil etməyi qarşısına məqsəd qoyub.

Orkestrin bədii rəhbəri bəstəkar Türkər Qasımzadədir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: