IqtisadiyyatTəqdimat

Avropa İttifaqı və BMTİP kənd yerlərində yaşayan qadınların mikromaliyyələşdirmə xidmətlərinə çıxışını yaxşılaşdıracaq

Bu gün Naxçıvan Muxtar Respublikasında Avropa İttifaqının maliyyə dəstəyi ilə “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətlərinin artırılması” adlı yeni layihənin açılış mərasimi keçirilib. Bir il müddətində davam edəcək layihənin məqsədi əsas diqqəti qadınlara və digər həssas qruplara yetirməklə, Azərbaycanda rayon və kənd icmalarının mikromaliyyələşdirmə xidmətlərinə çıxışını yaxşılaşdırmaqdır.

Bu yeni təşəbbüs qadınlar üçün pul vəsaitlərinin idarə olunması, büdcə planlaşdırması, biznes idarəçiliyi, borc idarəetmə üsulları və yeni biznesin qurulması üçün tələb olunan digər bacarıqlarla bağlı geniş spektrli təlim imkanları yaratmaqla, onların iqtisadi səlahiyyətlərinin artırılmasına və maliyyə müstəqilliyinin təmin edilməsinə dəstək göstərəcək.

Azərbaycan Mikromaliyyələşdirmə Assosiasiyası (AMFA) tərəfindən icra olunan bu layihə Avropa İttifaqı (Aİ) və BMT-nin İnkişaf Proqramı (BMTİP) tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən icra olunan “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” adlı daha geniş miqyaslı proqram çərçivəsində həyata keçirilir.

Layihənin Naxçıvandakı açılış mərasimində çıxış edən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas qeyd edib: “Bu gün Avropa İttifaqı, bu layihə üzrə əsas icraçı tərəfdaşı olan BMT-nin İnkişaf Proqramıeləcə də AMFA ilə birgə 300-dən artıq qadının səlahiyyətlərininartırılmasını dəstəkləmək üçün Avropa İttifaqının Naxçıvanda maliyyələşdirdiyi ilk layihəsini təqdim edir. Maliyyə savadlılığının öyrədilməsi, biznes bacarıqlarının inkişaf etdirilməsi və ənənəvi məhsulların təşviqi qadınların özehtiyaclarını təmin etmək iqtidarında olması və müasir cəmiyyətin qurulmasına töhvə verə bilmələri üçün tam potensialını ortaya qoyacaqdır.”

Layihə əlilliyi olan qadınlar da daxil olmaqla, kənd icmalarından olan 300 nəfərdən artıq qadının biznes bacarıqlarının, maliyyə savadlılığının, maliyyə resurslarına çıxışının və təşkilati bacarıqlarının yaxşılaşmasına kömək edəcək. Onların arasından ən yaxşı biznes ideyasına malik 50 qadın Naxçıvanda və İsmayıllıda biznes fəaliyyətinə başlamaq üçün 500 ABŞ dolları məbləğində ilkin maliyyələşdirmə ilə təmin olunacaq.

Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin və Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasının sürətləndirilməsi ilə bağlı Azərbaycanın üzərinə götürdüyü öhdəliyə dəstək olaraq, layihə 4-cü (keyfiyyətli təhsil), 5-ci (gender bərabərliyi) və 8-ci (layiqli əmək və iqtisadi artım) Qlobal Məqsədlərin icrasına töhfə verəcək.

BMT-nin Rezident Nümayəndəsininsəlahiyyətlərini icra edən cənab Alessandro Frakasseti qadınların sosial və iqtisadi səlahiyyətlərinin artırılmasında onların maliyyə müstəqilliyinin vacibliyini ön plana çəkib. “Qadınların sahibkarlığı öyrənməyə, biznes qurmağa və onu genişləndirməyə şərait yaradan yeni imkanlara çıxışını yaxşılaşdırmaqla, ölkələr yoxsulluqdan qurtula və öz iqtisadi vəziyyətlərini yaxşılaşdıra bilərlər,” – deyə cənab Frakassetti öz nitqində qeyd edib. “Qəbul etmək vacibdir ki, qadın sahibkarların yaratdığı imkanlar daxili bazarların böyüməsinə və məşğulluq perspektivlərinin artmasına kömək edir”.

İlk olaraq Naxçıvanda həyata keçirilməyə başlayan layihə fəaliyyətləri eyni zamanda Azərbaycanın İsmayıllı rayonunda da təşkil olunacaq. Naxçıvanda layihə fəaliyyətləri Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi  və “Aqrarkredit” Səhmdar Cəmiyyəti Təşkilatı ilə əməkdaşlıq şəklində həyata keçiriləcək.

Layihənin açılış tədbiri Avropa İttifaqı və BMTİP-in Azərbaycandakı Nümayəndəliklərinin rəhbərlərinin Naxçıvan Muxtar Respublikasına iki günlük rəsmi səfəri çərçivəsində baş tutacaq. Səfər zamanı onlar Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri ilə görüşəcək, ağacəkmə aksiyasında iştirak edəcək, Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüşəcək və Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksində keçirilən ənənəvi “Kətə” festivalında iştirak edəcəklər.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!