Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra Bakıda və Abşeron yarımadasında martın 30-u səhərdən aprelin 1-i axşamadək şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20 metr olacağı, arabir 25-30 metrədək güclənəcəyi gözlənilir. Martın 30-u axşamdan aprelin 1-i gündüzədək havanın fasilələrlə yağıntılı olacağı proqnozlaşdırılır. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10° enəcək.
Bu barədə Frame.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumata görə, martın 30-u səhər şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, Böyük və Kiçik Qafqazın bəzi ərazilərində yağıntıların intensivləşəcəyi ehtimal edilir. Martın 31-də isə yağıntıların əksər rayonları əhatə edəcəyi, bəzi yerlərdə intensiv olacağı sulu qar, qar yağacağı gözlənilir. Aprelin 1-də günün ikinci yarısında yağıntıların intensivliyi azalacaq. Axşama doğru isə tədricən kəsiləcək. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° enəcək. Çaylarda sululuğun artacağı gözlənilir.