Mayın 17-də Beynəlxalq Muğam Mərkəzində“Qızıl Kəlmə” Ədəbi Mükafatının 2018-2019-cu illər üzrə qaliblərinin təltifolunma mərasimi keçirildi.
Mükafatlandırma mərasimindən əvvəl tədbirin aparıcısı Əməkdar artist Elşən Cəbrayılov “Qızıl kəlmə” mükafatının tarixi haqqında qısa məlumatı diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” ədəbi mükafatı 2009-cu ildə təsis olunmuşdur. Müsabiqə Azərbaycan dövlətinin mədəniyyət siyasətinin tərkib hissəsidir, çağdaş milli ədəbiyyatın ən parlaq örnəklərini dəyərləndirmək, yaradıcı insanların əməyini stimullaşdırmaq , müasir qələm sahiblərini yeni və geniş oxucu dairələri tərəfindən maraqla qarşılanan əsərlərin yaradılmasına təşviq etmək məqsədilə keçirilir. Müsabiqənin bütün proseduru Mədəniyyət naziri tərəfindən imzalanmış “Əsasnamə” əsasında tənzimlənir. Növbəti dəfə mükafata əsərlərin qəbuluna ötən ilin avqust ayında başlanılıb və bu ilin martın 29-da qəbul yekunlaşıb. Həmin müddət ərzində müsabiqəyə 5 nominasiya üzrə 58 əsər təqdim edilib. Akademik Nizami Cəfərov, Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, professorlar Nizaməddin Şəmsizadə, Telman Cəfərov, filologiya elmləri doktoru Vaqif Yusifli, “Ədəbiyyat” qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan və filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimovadan ibarət “Qızıl Kəlmə” ədəbi mükafatı komissiyası tərəfindən bütün əsərlər oxunub və hər nominasiya üzrə seçilən əsərlər qiymətləndirmə cədvəlində xüsusi işarə ilə qeyd edilib. Daha sonra komissiyanın yekun iclasında nəticələr səsə qoyulub və 5 nominasiya üzrə seçilən əsas mükafatlarla yanaşı, daha iki əsəri fərqləndirən “Şans” ödülünün verilməsi məqsədəuyğun sayılıb.
Təqdimat mərasimində çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev artıq 6-cı ildir təqdim edilən mükafatın ictimaiyyət tərəfindən böyük maraqla qarşılandığını sevinci hal kimi dəyərləndirdi. Bu mükafat ədəbiyyatımıza kiçik də olsa öz töhfəsini verir. Cəmiyyətdə ədəbi proseslərin stimullaşdırılması dövlətimiz tərəfindən həmişə diqqətdə saxlanılıb. Bu siyasət ulu öndər Heydər Əliyevin hakimiyyət illərindən başlayaraq müxtəlif yaradıcı ittifaqların təşkili və bu təşkilatlara yardımlar , onların fəaliyyətinin genişləndirilməsi istiqamətində davam etmişdir. Müasir günümüzdə də bu siyasət davam edir. Azərbaycanın tamamilə yeni, müasir iqtisadi bir şəraitdə yaşadığı dövrdə bu ənənə qorunaraq daha yeni müstəvidə öz əksini tapmaqdadır. Hesab edirəm ki, son illərdə cənab Prezident İlham Əliyev tərəfindən bütün yaradıcı ittifaqlara verilən dəstək, maliyyə yardımı və digər qərarlar prosesin daha da geniş şəkildə aparılmasına böyük təkan verir. Ümumiyyətlə Azərbaycanda ədəbiyyat və incəsənət həmişə dövlətimizin diqqət mərkəzində olub. Heydər Əliyev Fondu və müxtəlif dövlət qurumları tərəfindən keçirilən müxtəlif müsabiqələr, festivallar, kitab bayramları , təqdimatlar, sərgilər mədəni həyatın ayrılmaz hissəsinə çevrilib. Buna görə də fürsətdən istifadə edib bütün yaradıcı insanların adından ölkə rəhbərliyinə təşəkkürümüzü bildiririk. Son iki ayda mədəniyyət sahəsində verilən sərəncam və qərarlar sənət adamlarında gözəl təəssüratlar yaşadır və hər bir yaradıcı ittifaqlar üçün yeni imkanlar açır.
Altı ildir ki, fəaliyyətdə olan “Qızıl kəlmə” mükafatına qəbul olan əsərlər və onların sayı eləcə də keyfiyyəti isə ədəbiyyat sahəsində inkişafın göstəricisidir. Məlumatıma görə bu dəfə də təqdim olunan bütün əsərlər öz səviyyəsinə görə çox böyük yaradıcılıq potensialı ifadə edən əsərlər olub. Əsərlər eyni zamanda müasir Azərbaycanın fəlsəfə və təfəkkür mənzərəsini tərənnüm edib. Bu hal olduqca sevindiricidir. Ədəbiyyat yaşayır və cəmiyyətlə birgə inkişaf edir. Mükafatın siyahısında gənc ədəbi nəslin yaradıcılığının stimullaşdırılması üçün nəzərdə tutulan “Şans” ödülü də var. Bu mükafat gənc namizədin qarşısında üfüqlər və imkanlar açır.
Nazir həmçinin ədəbiyyat nümayəndələrinə 18 may Beynəlxalq muzeylər günü ərəfəsində mədəni irsimizi təbliğ edən əsərlər yazmağı tövsiyə etdi. Azərbaycanda fəaliyyət göstərən muzeylərin zənginliyini qeyd edərək özündə çoxsaylı tarixi irsi yaşadan muzeylərə ədəbiyyat adamlarının baş çəkməyini və həmin tarixi hadisələr fonunda dəyərli əsərlər yazmağı arzuladı. Vurğuladı ki, muzeydə qorunan hər hansı bir qədim eksponat haqqında çox dəyərli hekayə və əsər hətta əfsanə də yazmaqla tariximizi gözəl şəkildə gələcək nəsillərə ötürə bilərik. Nazir nitqinin sonunda bir daha münsiflər heyətinə təşəkkür edərək bütün qalibləri təbrik etdi.
Daha sonra qaliblərə mükafatlar təqdim edildi. “Nəsr nominasiyası” üzrə Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” kitabı və Mübariz Örənin. “Balıq gülüşü” kitabı, “Poeziya nominasiyası” üzrə Salam Sarvan. “Heykəl tənhalığı” kitabı və Vaqif Bəhmənli “Qansız savaş” kitabı, İbrahim İlyaslı “Şair olmaq zülümdü” kitabı, “Ədəbi tənqid və publisistika nominasiyası” üzrəmYaqub Babayev “Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər)” kitabı Abid Tahirli “Mətbuat: millətin dili, gücü və güzgüsü” kitabı, “Orijinaldan bədii tərcümə nominasiyası” üzrə Vilayət Hacıyev Haynrix Böllün “Kişisiz ev” romanı, Seyfəddin Hüseynli Culian Barnsın “Aqibət duyğusu” romanı, “Uşaqlar üçün yazılmış bədii əsərlər nominasiyası” üzrə Reyhan Yusifqızı “Dostum Mimi” kitabı, Solmaz Amanova “İlmənin macəraları” kitabı, Rafiq Yusifoğlu “Nağıl qapısı” kitabı, “Qızıl Kəlmə” Ədəbi Mükafatı çərçivəsində “Şans” ödülü Şahanə Müşfiq “Şahanənin nağılı” kitabı, Sadıq Qarayev “Sahibsiz kölgələr” kitabı 2009-cu ilin “Qızıl Kəlmə” mükafatının qalibi olaraq diplom və pul mükafatı ilə təltif olundular.
Qaliblər çıxışları zamanı ədəbiyyat sahəsinə və yaradıcılıqlarına göstərilən diqqətə görə təşəkkürlərini ifadə etdilər, təqdim edilən mükafatların yaradıcı insanlara bir stimul olduğunu bildirdilər. Təqdimatın sonunda münsiflər heyətinin üzvi Xalq şairi Sabir Rüstəmxanlı və filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimova Azərbaycan ədəbiyyatının inkişafı və mükafatın ədəbiyyatımıza, mənəvi dəyərlərimizə xidmət etdiyini diqqətə çatdırdılar. Nazirliyin ədəbiyyat sahəsində təsis etdiyi mükafatı eləcə də mənəvi varlığımızın qorunmasına yönələn addım kimi dəyərləndirdilər.
Frame.az