QalereyaSərgiTəqdimat

Tokay Məmmədovun 90 illik yubiley sərgisi keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2017-ci il oktyabr ayının 3-dən 7-dək Xalq rəssamı, görkəmli heykəltəraş Tokay Məmmədovun 90 illik yubiley sərgisi keçiriləcəkdir. Sərginin açılışı 3 oktyabr 2017-ci il tarixində saat 18:30-da baş tutacaq. Tokay Həbib oğlu Məmmədov ixtisas təhsilini əvvəlcə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1942-1945), daha sonra İ.E.Repin adına Sankt-Peterburq (keçmiş Leninqrad) Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda (1945-1951) almışdır. 1951-1958-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim işləmişdir. 1952-ci ildə Azərbaycan Rəssamlarının Qurultayında Azərbaycan Rəssamlar İttifaqının idarə heyətinin üzvü və məsul katibi seçilmişdir. Eyni zamanda 1957-ci ildə SSRİ Rəssamlar İttifaqı idarə heyətinin üzvlüyünə qəbul olunmuşdur. 1970-1972-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının sədri vəzifəsində çalışmışdır. 1966-cı ildən 1988-ci ilədək Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Rəsm” kafedrasının müəllimi, 1988-1992-ci illərdə həmin institutda “Heykəltəraşliq” kafedrasının müdiri, 1992-ci ildən 2001-ci ilədək həmin kafedranın professoru vəzifələrində çalışmışdır. 2001-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Heykəltəraşlıq” kafedrasının professorudur. 1975-ci ildən SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvüdür. 1971-1975-ci illərdə Azərbaycan SSR Ali Sovetinin, 1977-1989-cu illərdə Bakı Şəhər Xalq Deputatları Sovetinin üzvü seçilmişdir. Tokay Məmmədov hələ tələbə ikən müxtəlif sərgilərdə iştirak etməyə başlamışdır. Onun əsərləri ilk dəfə 1951-ci ildə Moskvada keçirilən Ümumittifaq sərgisində uğurla nümayiş etdirilmişdir. Tokay Məmmədov dəzgah və monumental heykəltəraşlığı sahəsində çalışaraq, ağac, tunc və mərmərdən olan bir çox yaddaqalan portret və monumental əsərlər yaratmışdır. Nizami Gəncəvi, Üzeyir Hacıbəyov, Nəriman Nərimanov, Səməd Vurğun, Rüstəm Mustafayev, Mirzə İbrahimov, Frederik Şopen və başqa görkəmli şəxsiyyətlərin portretləri onun portret janrında ən uğurlu əsərləridir. Tokay Məmmədovun monumental heykəltəraşlıq sahəsində yaratdığı Məhəmməd Füzuli (Xalq Rəssamı Ömər Eldarovla birlikdə), “Nəsimi” (Xalq Rəssamı İbrahim Zeynalovla birlikdə), Üzeyir Hacıbəylinin abidələri paytaxt Bakının ümumi memarlıq görkəminə xüsusi gözəllik bəxş edir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Bakıda ucaltdığı xalq qəhrəmanı Koroğlunun monumental atlı abidəsi sənətkarın monumental heykəltəraşlıq sahəsindəki yaradıcılığının müasir dövrünü əks etdirir. Onun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında saxlanılır. Tokay Məmmədovun çoxillik bədii yaradıcılıq və pedaqoji fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Heykəltəraşa 1962-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 1973-cü ildə isə Xalq rəssamı fəxri adları verilmişdir. 1978-ci ildə Azərbaycan, 1982-ci ildə isə SSRİ Dövlət mükafatları ilə mükafatlandırılmış, 1959-cu ildə “Fəxri fərman” ordeni, 1986-cı ildə “Xalqlar dostluğu” ordeni, 1977-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Tokay Məmmədovun yaradıcılığı Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonrakı illərdə də yüksək qiymətləndirilmişdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Sərəncamına əsasən Tokay Məmmədov 2002-ci ildə “Şöhrət”, 2012-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Şərəf” ordeni ilə təltif olunmuşdur. Görkəmli tişə ustası Tokay Məmmədov Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2017-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir. Sərgidə nümayiş etdirilən əsərlər Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan və rəssamın şəxsi kolleksiyasından seçilmişdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!