EkologiyaFinansIqtisadiyyatTəqdimat

Torbalar üçün dövlət standartı qəbul edildi

Ətraf mühitin zərərli təsirlərdən qorunmasının daha da gücləndirilməsi məqsədilə qanunvericilik aktlarına edilmiş dəyişikliklər nəticəsində qalınlığı 15 mikronadək olan polietilen torbaların idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağan olunub. Bu dəyişiklik qida məhsullarının qablaşdırılmasında və sənayedə istifadə edilən torbaların keyfiyyət və təhlükəsizliyini normalaşdıran dövlət standartının qəbulunu şərtləndirir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən beynəlxalq təcrübə nəzərə alınmaqla, qalınlığı 15 mikrondan yuxarı olan polietilen torbalara dair AZS 891:2021 (GOST 12302) “Polimer plyonkalardan və kombinə edilmiş materiallardan hazırlanan torbalar. Ümumi texniki tələblər” dövlət standartı qəbul olunub və Dövlət Fonduna daxil edilib.

Yeni standartın tələblərinə görə, torbaların səthində çatlar, kəsiklər, deşiklər olmamalı, daxili səthləri yapışmamalıdır. Torbalar xarici görünüşü, ölçüsü, qalınlığı, tikişinin hermetikliyi, əl tutacağının yükə davamlılığı, gigiyenik parametrləri və.s kimi göstəricilərinə görə standartın tələblərinə uyğun olmalıdır. Eyni zamanda torbalar onlardan istifadə zamanı toksik olmamalı, normal otaq və hava şəraitində insan sağlamlığına zərər vurmamalıdır. Torbaların hər partiyasını onun mənşə ölkəsini, istehsalçısını, adını, tipini, təyinatını, standartın nömrəsini, istehsal tarixini özündə ehtiva edən keyfiyyət sənədi müşayiət etməlidir, yüksək riskli mallar xüsusilə dərmanların, qida məhsullarının, uşaq oyuncaqlarının, parfümeriya və kosmetika məhsullarının qablaşdırılması üçün nəzərdə tutulmuş torbaların sanitariya və epidemioloji baxımından qiymətləndirilməsi aparılmalı və bu barədə məlumatlar keyfiyyət sənədində göstərilməlidir. Qanunvericiliyin tələblərinə görə uyğunluq sertifikatı olmayan torbaların satışı qadağandır.
Standartın tələblərinə uyğun daşınma və saxlanma şəraitində polimer plyonkalardan hazırlanmış torbaların saxlanma müddəti 6 ay, kombinə edilmiş materiallardan hazırlanan torbaların saxlanma müddəti isə 12 ay tövsiyə olunur.

Bu sahədə fəaliyyət göstərən biznes subyektlərinin nəzərinə çatdırılır ki, texniki tənzimləmənin şamil olunduğu mallara dair dövlət standartlarının tələblərinə əməl edilməməsi məsuliyyətə səbəb olur. İnzibati Xətalar Məcəlləsinə görə standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək cərimə edilir.

Dövlət standartının tam mətnini “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin rəsmi internet səhifəsi www.azstand.gov.az vasitəsilə elektron şəkildə əldə etmək olar.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!