Site icon Frame.az

“Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turu başa çatıb

Ümummilli lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turuna yekun vurulub. 2.1 kateqoriyalı yarışın sonuncu mərhələsinin start və finiş nöqtəsi Azadlıq meydanında olub. Bu dəfə iştirakçılar Bakı-Abşeron-Bakı marşrutu üzrə 158 kilometr məsafə qət ediblər.

Frame.az xəbər verir ki, veloturun bağlanış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva və Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev iştirak ediblər.

Veloturun son mərhələsinin qalibi “İsrael Cycling Academy” komandasının üzvü Krist Neylands olub. O, məsafəni 3 saat, 53 dəqiqə, 56 saniyəyə başa vurmaqla solo-finiş edib. Türkiyənin “Torku Şekerspor” və ABŞ-ın “İlluminate” klublarının velosipedçiləri Ahmet Örken və Edvin Avila qalibdən 21 saniyə geri qalmaqla, 2-3-cü yeri tutublar.

Yarışın lider köynəklərinin sahibləri dəyişilməz qalıb – Azərbaycanın Elit yığma komandasının üzvü Kiril Pozdnyakov ümumi təsnifatın qalibi üçün nəzərdə tutulan “Synergy” köynəyini özündə saxlamaqla, “Tour d’Azerbaidjan-2017”nin qalibi olub. Bundan başqa, təmsilçimiz dağ yollarındakı uğurlu çıxışı ilə ən yaxşı dağ velosipedçisinə verilən qırmızı rəngli “AZAL” köynəyinə də yiyələnib. Bütün bunların yekunu olaraq, Kiril ən yaxşı azərbaycanlı velosipedçi üçün nəzərdə tutlan xüsusi köynəklə də təltif edilib.

Aralıq sprintlərində hamıdan çox xal toplayan “İlluminate” komandasının nümayəndəsi Edvin Avila ən yaxşı sprinter üçün nəzərdə tutulan yaşıl rəngli “SOCAR” köynəyinə layiq görülüb. Fransanın “Delko Marseille Provance KTM” klubunun üzvü Con Anderson Rodriqes ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli “ATAHOLDİNG” köynəyi ilə mükafatlandırılıb. Komanda hesabında isə Ukraynanın “Kolss” komandası 1-ci yeri tutub.

Velosipedçiləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov və Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov təltif ediblər.

Qeyd edək ki, “Tour d’Azerbaidjan-2017” yarışında 18 ölkənin 22 komandası mübarizə aparıb. “Synergy Baku” bu yarışda Elçin Əsədov, Elgün Əlizadə, Samir Cəbrayılov, Yosip Rumaç, Kiril Pozdnyakov və Ənvər Asanovla təmsil olunub.

Kiril Pozdnyakov təəssüratlarını bölüşərək deyib: “Qalib gəldiyim üçün şadam. Bu qələbə mənim üçün çox önəmlidir. Çünki məhz Azərbaycanda qalib gəldim. Uğur yalnız bir nəfərin adına yazılmır. Bu, bütün komanda üzvlərinin səyi nəticəsində reallaşır. Sözsüz, İsmayıllıda böyük fərqlə qalib gəlməyim imkan verdi ki, növbəti mərhələlərdə daha rahat çıxış edim. Çünki vaxta görə rəqiblərimi çox qabaqlayırdım və yekunda çempion oldum. Yaxın gələcəkdə Sloveniya və Slovakiyada turlara qatılacağıq. Yaxşı komandamız var. Fiziki hazırlığım da qaydasındadır. Həmin yarışlarda da uğur qazanacağımıza inanıram”.

Exit mobile version