Site icon Frame.az

Tünzalə Ağayeva öz tamaşaçıları ilə yeni formatda maraqlı görüş keçirib

Mayın 6-sı YARAT Müasir İncəsənət Mərkəzinin dəstəyi ilə Əməkdar Artist Tünzalə Ağayeva öz tamaşaçıları ilə yeni formatda maraqlı görüş keçirdi. Görüş çox marağa səbəb oldu. Yeni format xətti olmasına baxmayaraq tamaşaçılar və Əməkdar Artistin özü görüş haqqında böyük məmnunluq hissi ilə danışdilar. Tünzalə xanım bu layihəsi haqqında öz fikirlərini belə ifadə edib:

“Mənim üçün tamaşaçı ilə bu formatda və belə atmosferdə görüşmək çox fərqli hiss idi. Həyacanlıydım, ona görə ki, bilmirdim belə bir görüş necə keçəcək və nə qədər uğurlu olacaq. Çünki tamaşaçı məni hər zaman böyük konsertlərdə, səhnədə, orkestr müşayəti ilə qarşısında görməyə öyrəşib. Mən də eyni şəkildə, bir səhnə artisti kimi, sənət adamı kimi, musiqiçi kimi təkbətək yox, orkestr ilə, böyük auditoriya qarşısına çıxmağa alışmışam. Bu dəfə bu stereotipləri, bu qaydaları sanki pozub, bütün sərhədləri aradan qaldırıb tamaşaçılarla sadəcə yaxın olmaq istədim. Ona görə lahiyənin adı da “Ona daha yaxın” oldu.
Mən çox xoşbəxtəm ki, həm mən, həm mənim sevimli doğma tamaşaçım məmnun qaldıq. Və o doğmalığı məhz həmin gecə çox aydın şəkildə hiss etdim. Mən və yüzlərlə tamaşaçı bir birimizə çox səmimi enerji ötürürdük, müxtəlif mövzuları müzakirə edirdik, və bu müzakirələrdə mənim üçün çox önəmli olan dostluğunu, dəstəyini əsirgəməyən bizim radio və televiziya aparıcımız DJ Fatehə burdan təşəkkürümü bildirmək istəyirəm ki, bu layihədə məmnuniyyətlə iştirak etdi, yanımda oldu və bu gecəni, demək olar ki, idarə etdi, gecənin məsuliyyətini öz üzərinə götürdü.
Maraqlı mövzular müzakirə olundu və hər bir müzakirə tamaşaçı tərəfindən diqqətlə dinlənilirdi, suallar verilirdi, bizim aramızda çox yaxın dialoq var idi, münasibət var idi. Çox sevinirəm ki, biz məhz o mövzulara toxunduq ki, onlar həm maraqlı, həm aktual mövzular idi. Çox lazımlı mövzulara toxunduq: milliyətçilik, mədəniyyətimizin qorunması, dilimizin qorunması, mədəniyyətimizin bütün atributlarına həssasla yanaşmaq, dilimizə qarşı diqqətli olmaq, fikirləri açıq söyləmək, münasibət bildirmək. Mən hər zaman tamaşaçıları bizim millətə, bizə ziyan verəcək bütün məsələlərə qarşı açıq fikir söyləməyə çağırıram ki, Azərbaycan musiqisi, klassik musiqimiz, muğam, xalq musiqimiz, müasir musiqimiz şəhərdə kütləvi şəkildə təbliğ olunsun və əcnəbi musiqilərin daha çox olmağına qarşı mənfi fikir bildirilsin ki, hər zaman öz musiqilərimizə, ifaçılarımıza üstünlük verək, keyfiyyətə üstünlük verək, münasibət göstərək, aramızda daha çox öz dilimizdə danışaq. Bu kimi çağırışlar etdik və, əlbəttə ki, bu gecə musiqisiz keçə bilməzdi, çünki bütün tamaşaçılar məndən mahnılarımı gözləyirdi. Mən “Sevgilər”, “İzin ver”, “Sevdi can səni”, “Toxun mənə”, “Unutma” kimi mahnılarımı fərqli improvizasiyalarda, fərqli yanaşmalarda, çox dəyərli musiqi ailəm HİJazz qrupu ilə, zərbdə Eyvaz, keyboardda Elnur və bas-gitarada Azadın müşayəti ilə ifa etdim. Böyük bir sound yaranmışdı, böyük səslənmə var idi, dərin, düşündürən, kövrəldən, sevindirən musiqi səslənirdi. Və mən xoşbəxt bir artistəm ki, tamaşaçı mənimlə bərabər oxuyur. Bu mənim üçün çox ciddi bir göstəricidir. Mən belə düşünürəm ki, sənətkar üçün ən önəmli, uğurun pik nöqtəsidir ki, auditoriya onunla bərabər, sözbəsöz, kəlmə və kəlmə onun mahnılarını oxuyur. Demək ki, mahnılar yaşayır, qəlblərdə və dillərdə.
Sonda mən tamaşaçılarıma sual verdim ki, belə bir ənənəvi görüşlərə nə deyirsiniz, xoşunuza gəldimi deyə. Hamı bir səslə eyni anda razılıq alqışı səsləndirdi ki, bəli, biz istərdik ki, belə görüşlər tez-tez olsun. Və mən də çalışacam ki, tamaşaçılarımla ənənəvi konsert formatı ilə yanaşı müzakirələr də edək, fikir paylaşaq, hisslərimizi paylaşaq, hansısa problemlərimizə toxunaq. O problemlərə ki, biz kiçik də olsa çözüm yolu, çözüm qapısı tapa bilərik, bir işıq görə bilərik, alternativ yollar axtarıb tapa bilərik. Düşünürəm ki, artist və onun böyük auditoriyası niyə də böyük bir ailəyə çevrilməsin. O ailəyə ki, dəyər üstündədir, o ailəyə ki, qarşılıqlı sevgi üzərində qurulub və mədəniyyətə həssas münasibət üzərində qurulub. Mənim üçün bu çox vacibdir. Belə bir yaxşı deyim var: “ Tamaşaçı öz artistinə bənzər, artist də öz tamaşaçısına bənzər”. Bu mənada mən şanslıyam. Mənim hər bir tamaşaçım yaşından və kimliyindən asılı olmayaraq çox zövqlüdür, mədəniyyətə həssas münasibəti var, dilinə həssas münasibəti var, vətənpərvərdir, insandır, sağlam ruhlu, sağlam düşüncəli insandır. Və xalqımızın o gözəl nümayəndələrini tamaşaçı qismində qarşımda görmək mənə çox böyük ilham, qol-qanad verir.
Bir daha YARAT Müasir İncəsənət Mərkəzinə, dəyərli dostum DJ Fatehə, öz komandama, başda menecerimə və bu layihədə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Gələn görüşlərə qədər.” Frame.az

Exit mobile version