“Türk Hava Yolları” aviaşirkəti 2017-ci ili uğurla başa vuraraq cari ildə də öz uğurlarını davam etdirir. Milli aviadaşıyıcı həm ilin birinci rübündə, həm də aprel ayında yüksək nəticələr nümayiş etdirib.
Bu ilin birinci rübündə daşınan sərnişinlər sayının ikirəqəmli artımı aprel ayında da davam edib. Bu göstərici 15% artaraq 6,4 milyona çatıb. Sərnişin axının artması nəticəsində aprel ayı üzrə yüklənmə səviyyəsi qlobal aviadaşıyıcının tarixində rekorda çatıb – 83,2%.
Apreldə reyslərin yüklənmə səviyyəsi 4,1 faiz bəndi, kreslo-kilometrlərin sayı isə 6,1% artıb. Beynəlxalq aviareyslərdə yüklənmə səviyyəsi 4,2 faiz bəndi artaraq 82,6% təşkil edib, daxili aviareyslərdə isə yüklənmə səviyyəsi 87,1%-dək artıb.
Ötən il iyulda başlayan tələbatın ikirəqəmli artımı aprel ayında 12%-lik artım ilə davam edib.
Hesabat ayında beynəlxalq aviareyslər üzrə sərnişindaşıma 30% artıb (tranzit sərnişinlər istisna olmaqla). Bu, Türkiyəyə artan marağın mühüm göstəricisi olub.
Aprel ayında daşınan yüklərin/poçtun həcmi 18% artıb. Artım əsasən Şımalı Amerika (27%), Orta Şərq (26%), Afrika (26%), daxili reyslər (26%) və Avropanın (19%) hesabına baş verib.
Hesabat ayında reyslərin yüklənmə səviyyəsi bütün regionlar üzrə artıb. Afrika, Şimali Amerika və Avropa üzrə göstəricilər müvafiq olaraq 6, 6 və 5 faiz bəndi artıb.
Cari ilin yanvar-aprel dövründə tələbat və sərnişinlərin ümumi sayı əvvəlki ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 21% və 24% artıb. Aviaşirkətin ümumi sərnişin axını 23 milyona çatıb.
Yanvar-aprel aylarında reyslərin ümumi yüklənmə səviyyəsi 5,8 faiz bəndi artaraq 81,2%-ə çatıb. Beynəlxalq reyslər üzrə yüklənmə səviyyəsi 6 faiz bəndi artaraq 81%-ə, daxili reyslər üzrə yüklənmə səviyyəsi isə təqribən 4 faiz bəndi artaraq 86%-ə çatıb.
Aprel ayında daşınan yüklərin və poçtun həcminin mühüm artımı sayəsində 2018-ci ilin yanvar-aprel dövründə bu göstərici 32% artaraq 425 min ton təşkil edib.
Frame.az