Site icon Frame.az

Türkiyənin səfiri və iş adamları Musiqili Teatrda

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Özoral, xanımı Meltem Özoral, Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) idarə heyətinin sədri Cemal Yangın, İdarə Heyətinin üzvləri, səfirlik əməkdaşları Azərbaycan Dövlət Musiqili Teatrında olublar.

Qonaqları Teatrın direktor müavini Hüseyn Hüseynov qəbul edib, səmimi və işgüzar şəraitdə keçən görüşdə iki qardaş ölkə arasındakı mədəni əlaqələrdən söhbət açılıb, bir sıra yaradıcı təkliflər səsləndirilib. Onlar Musiqili Teatrın yaranma tarixi, 109 illik yaradıcılıq yolu, inzibati binası, ölkə Prezidentİlham Əliyevin sərəncamı ilə burada aparılan mükəmməl təmir işlərindən sonrakı fəaliyyəti və mövcud şəraiti ilə də yaxından tanış olublar. Daha sonra qonaqlar teatrın səhnəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasını (quruluşçu rejissor Xalq artisti Cənnət Səlimova) seyr ediblər. İzlədikləri səhnə əsərindən çox böyük zövq aldıqlarını, belə yüksək səviyyədə hazırlanan tamaşaların təbliğ olunmasının, ümumiyyətlə, teatrı insanların həyat tərzinə çevirməyin vacibliyini vurğulayıblar.

Tamaşanın sonunda cənab səfir Erkan Özoral və nümayəndə heyətinin üzvləri aktyorlarla görüşüb, ərsəyə gətirilən tamaşa üçün peşəkar yaradıcı kollektivə təşəkkürlərini bildirib, gül-çiçək dəstələri hədiyyə edərək onlarla xatirə şəkilləri çəkdiriblər.

Qeyd edək ki, səhnə əsərində Əməkdar artistlər Əzizağa Əzizov, Novruz Qartal, Şövqi Hüseynov, Səidə Şərifəliyeva, Almaz Ələsgərova, aktyorlar Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Nadir Xasıyev, Elxan İsmayılov, Ağaxan Şərifov, Atəş Qarayev, Elməddin Dadaşov, Telli Hüseynova, Təranə Əliyeva, Fərid Rzayev, Əli Kərimov, Rüstəm Rüstəmov, kiçik yaşlı aktyorlar Hüseyn Nağıyev, Rahib Məmmədzadə, Xədicə Kərimli və başqaları ifa edirdilər.

Frame.az
Exit mobile version