IdmanTəqdimat

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnirə start verilib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirinin açılış mərasimi olub. Bakı Tennis Akademiyasında keçirilən mərasim Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirin bədii hissəsində Xalq artisti Samir Cəfərov Ulu Öndərə həsr olunmuş mahnılar ifa edib, gimnastika hamı üçün, brek dans və digər nümunəvi çıxışlar olub.

Tədbirdə komandaların təqdimatından sonra çıxış edən “Zirə” peşəkar futbol klubunun Müşahidə Şurasının sədri, Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov və gənclər və idman naziri Fərid Qayıbov iştirakçılara uğurlar arzulayıblar. Qeyd olunub ki, Azərbaycan idmanının ən böyük himayədarı ulu öndər Heydər Əliyevin xatirə turnirində bütün dövlət qurumları təmsil olunur.

Mərasimin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb və yarışa start verilib. İlk oyunda SOCAR və KOBİA komandaları qarşılaşıblar. FIFA referisi Əliyar Ağayevin idarə etdiyi oyunda topa ilk zərbəni “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov vurub. Görüş KOBİA-nın minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.

İlkin mərhələdə komandalar hər birində 13 kollektiv olan 4 qrupda mübarizə aparacaqlar. Azərtac-ın komandası C qrupunda Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Xarici İşlər, Müdafiə nazirlikləri, Dövlət Miqrasiya Xidməti, Statistika Komitəsi, Bakı Metropoliteni, Şəhərsalma və Arxitektura Komitəsi, Əqli Mülkiyyət Agentliyi, Dövlət Reklam Agentliyi, “Meliorasiya və Su Təsərrüfatı” ASC və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birgə gücünü sınayacaq.

On iki oyundan ibarət ilkin mərhələyə gələn il fevralın 26-da yekun vurulacaq. Qrupda ilk səkkiz pillədə qərarlaşan komandalar mübarizəni pley-off mərhələsində davam etdirəcəklər. Bir oyundan ibarət pley-offun qalibi olan komandalar ikinci mərhələyə yüksələcəklər. Pley-off mərhələsinin oyunları martın 4-26-da keçiriləcək. İkinci mərhələyə yüksəlmiş 16 komanda 4 qrupa bölünəcək və bu raundun oyunları aprelin 1-dən 23-dək təşkil olunacaq. Qrup qalibi olacaq komandalar “Dördlər finalı”nda iştirak hüququ əldə edəcəklər. Bu mərhələdə qalib gələn komandalar birinci, məğlublar isə üçüncü yer uğrunda matça çıxacaqlar.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!