Frame LifeSosialTəqdimatƏn SonƏn Son

Ümumdünya Əməyin Mühafizəsi Gününün mövzusu: Epidemiya zamanı işçilərin yoluxma riskindən mühafizəsi

Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən 2003-cü ildən etibarən 28 aprel Ümumdünya Əməyin Mühafizəsi Günü kimi elan olunub. Məqsəd işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına, istehsalat qəzalarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsinə cəmiyyətin, xüsusilə işəgötürənlərin diqqətinin artırılmasıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Frame.az-a bildirilib ki, bu il üçün Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı BƏT tərəfindən irəli sürülən əsas mövzu pandemiya ilə əlaqədar iş yerlərində yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması, işçilərin infeksiyaya yoluxma riskindən mühafizə olunmalarıdır.

BƏT-in saytında müvafiq mövzuda dərc olunmuş materialda (https://www.ilo.org/global/topics/safety-and-health-at-work/events-training/events-meetings/world-day-safety-health-at-work/WCMS_739669/lang–en/index.htm) işə cəlb edilmiş işçilərin infeksiyadan qorunması üçün görülməli olan tədbirlər əksini tapır.

Aşağıdakı tədbirlərin həyata keçirilməli olduğu qeyd edilir:

Fiziki distansiyalar – insanlar arasında kifayət qədər məsafə saxlanılmalıdır. İşlərin mümkün olan qədər virtual görülməsi (telefon danışıqları və elektron poçt vasitəsilə, iclasların onlayn qaydada aparılması, işlərin növbəli təşkili və s.)

Gigiyena – iş yerlərində kifayət qədər dezinfeksiya və antiseptik vasitələrin olması, əllərin yuyulması üçün yerlərin çoxaldılması və əlyuma vasitələrinin kifayət qədər olması.

Təmizlik işləri – iş yerlərinin və iş masalarının səthlərinin mütəmadi təmizlənməsi, qapı dəstəklərinin, kompüter avadanlıqlarının, tez-tez istifadə olunan digər əşyaların mütəmadi antiseptik materialla dezinfeksiya olunması, ümumi istifadədə olan otaqların, sanitariya qovşaqlarının dezinfeksiya olunması və s.

Təlimatlandırma və maarifləndirmə tədbirləri – işə cəlb olunmuş bütün işçilərin pandemiya şəraitində fərdi mühafizə vasitələrindən istifadə qaydalarına, öz vəzifələrini təhlükəsiz yerinə yetirmələrinə dair təlimatlandırılması.

Bildirilir ki, COVID-19 pandemiyası işçilərin və onların yaxınlarının qorunmasında əməyin mühafizəsinin önəmini bir daha təsdiqləyir. Pandemiya dövründə əməyin təhlükəsizliyi sahəsində sosial dialoqun əhəmiyyəti böyükdür. Sosial dialoq yalnız bütün işçilərin fiziki və psixoloji sağlamlığının qorumasında deyil, pandemiyanın iqtisadiyyat və əmək sferasında mənfi nəticələrinin aradan qaldırılmasında da vacib şərtdir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!