IdmanTəqdimatTəqdimatƏn SonƏn Son

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş şahmat turniri təşkil edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində şahmat turnirinin açılış mərasimi keçirilib.

Dövlət Vergi Xidmətindən bildirilib ki, mərasimdə çıxış edən Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova turnirin Azərbaycanda şahmatın indiki səviyyəyə çatmasında müstəsna xidmətləri olmuş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edildiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində Ümummilli Lider idmanın inkişafına daim böyük qayğı göstərib və məhz onun təşəbbüsü ilə respublikamızın şəhər və rayonlarında çoxsaylı uşaq-gənclər şahmat məktəbləri istifadəyə verilib, ölkəmizdə güclü şahmat məktəbi yaradılıb: “Bu proses indi də davam edir və şahmatın inkişafı dövlət başçısı İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət tərəfindən göstərilən qayğı Azərbaycan şahmatçılarının beynəlxalq yarışlarda yeni qələbələr qazanmalarına zəmin yaradır. Ötən onilliklər ərzində Avropa, dünya çempionatlarında və bir sıra digər mötəbər turnirlərdə iştirak edən idmançılarımız böyük uğurlar əldə ediblər”.

Dövlət Vergi Xidməti rəisinin müşaviri, Tədris Mərkəzi rəisinin səlahiyyətlərinin icraçısı, mərhum qrossmeysterimiz Vüqar Həşimovun qardaşı Sərxan Həşimov Ulu Öndərin xatirəsinə həsr olunmuş şahmat turnirinin vergi xidməti əməkdaşlarının asudə vaxtının səmərəli təşkili və onların intellektual potensialının nümayiş etdirilməsi baxımından da böyük əhəmiyyət daşıdığını vurğulayıb, tədbir iştirakçılarına uğurlar arzulayıb.

Turnirdə vergi orqanlarının bütün struktur bölmələrindən ümumilikdə 96 nəfər iştirak edib. İsveç sistemi üzrə keçiriləcək turnirin 1-3-cü turları aprelin 8-də baş tutub. 4-6-cı turların aprelin 15-də, 7-9-cu turların və bağlanış mərasiminin aprelin 29-da keçirilməsi nəzərdə tutulur. Hər oyun günü 3 turdan ibarət olacaq.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!