Unibank 3-cü rübün maliyyə nəticələri
“Unibank” KB ASC 2022-ci ilin ilk 9 ayı üzrə əsas maliyyə göstəricilərini açıqlayıb. Bank 3-cü rüb ərzində də biznes portfelinin həcmi və biznesin kreditləşməsi üzrə yüksək göstərici əldə edib. Belə ki, mikrokedit portfelində ötən ilin eyni dövrü ilə müqayisədə 84% artım qeydə alınıb. Hesabat dövrü ilə müqayisədə, bu ilin 9 ayında verilən mikrokreditlərin həcmi 90%-dək, sayı isə 70% artıb. Biznes kreditləri portfeli 30 sentyabr tarixinə 278 milyon manat təşkil edib, biznes sektoruna 9 ay ərzində 245 milyon manat kredit ayrılıb. Biznesə ayrılan vəsaitlərin artımı ilə yanaşı, “Unibank”ı seçən biznes sahblərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 37%-ə yaxın artıb. Hesabat dövründə bizneslə bağlı daha bir göstərici- kassa-hesablaşma əməliyyatlarının həcmi də ötəni ilin uyğun göstəricisindən 33% çoxdur.
Bank dövr ərzində biznes subyektlərinə xidmət istiqamətində rəqəmsallaşma strategiyasını uğurla davam etdirib. “Unibank”ın kiçik və mikro sahibkarlar üçün istifadəyə verdiyi avtomatlaşdırılmış kredit sistemi sahibkarların işini xeyli asanlaşdırdığından, 9 ay ərzində verilən mikrokreditlərin 57%-dən çoxu bu xidmət vasitəsilə ayrılıb. Ümumilikdə isə biznesə yönəlik məhsul və xidmətlərin əksəriyyəti avtomatlaşdırıldığından, biznes sahibləri onlayn xidmətlərə üstünlük verib. Ötən ilin eyni dövrü ilə müqayisdə onlayn formada açılan biznes hesabların sayı 44%, onlayn rəsmiləşdirilən kreditlərin sayı isə 68% artıb. Biznes sahibləri üçün bu yaxınlarda istifadəyə verilən mobil əlavə sahibkarların bank xidmət və məhsulları ilə məsafədən təminatını bir qədər də artıracaq.
Bank qeyd olunan dövrdə əhaliyə xidmətlərini genişləndirməkdə davam edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bank xidmətlərindən aktiv faydalanan əhalinin sayi 2 dəfədən çox artaraq, 850 mini keçib. Unibank, bank xidmətləri ilə əhatə edilən yeni istifadəçilərinin nümunəsində, bank xidmətlərindən aktiv istifadə etməyən, o cümlədən bank hesabina əvvəllər malik olmayan əhalinin banka cəlb olunmasını da təmin edib. Belə ki, Leobank layihəsi çərçivəsində tətbiq olunan məsafəli bank xidmətləri konsepsiyası, müştərilər üçün maliyyə xidmətlərinin əlçatanlığını və bununla da ölkə əhalisinin maliyyə xidmətlərinə əhəmiyyətli dərəcədə marağının artırılmasına xidmət etmişdir. Bununla da rəqəmsallaşdırma hədəfləri çərçivəsində bank, rəqəmsal kanallardan istifadə etməklə, say etibarı ilə aparılan əməliyyatların toplam əməliyyat həcmindəki payını tarixi maksimuma – 92%-ə çatdırıb, məbləğ olaraq isə bu əməliyyatlarda 86% artım olub.
Bankın əsas maliyyə göstəricilərində də dinamik inkişaf qeydə alınıb. Avqust ayında uğurla yekunlaşdırılan kapitallaşma prosesi bankın davamlı inkişafını təmin edib. Maliyyə nəticələrinə əsasən, üçüncü rübün yekununda “Unibank”ın aktivlərinın həcmi ilin əvvəli ilə müqayisədə 27% artaraq, 1 milyard 319 milyon manat təşkil edib. Bu dövrdə Bankın məcmu kapitalı 122 milyon manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 16 milyon manat çoxdur.
Hesabat dövrü ərzində Bankın məcmu gəlirlərində ciddi artım qeydə alınıb. 9 ay ərzində cəmi gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 % artaraq, 163 milyon manat təşkil edib. Beləliklə, 9 aylıq dövrün nəticələrinə görə faiz gəlirləri 118 milyon manat, qeyri-faiz gəlirləri isə 45 milyon təşkil edib. Bununla da Bankın qeyri-faiz gəlirləri ötən ilin uyğun dövrü ilə müqayisədə 57%, faiz gəlirləri isə 35% artıb. Cari dövrdə bankın əməliyyat mənfəət göstəricisi 16 milyon manat təşkil edib.
Artan rəqabət, sürətlə yenilənən texnologiya və müştərilərin innovativ məhsul və xidmətlərə tələblərini layiqincə qarşılamaq üçün il ərzində Bank yeni xidmət və məhsulların tətbiqi, eləcə də rəqəmsallaşmanın sürətləndirilməsi üçün sərmayə qoyuluşlarını davam etdrib ki, bu növ investisiyalar bankın cari dövr üçün qeydə alınmış yüksək gəlir nəticələrinə neytrallaşdırıcı təsir göstərib. Qeyd olunan yatırımlar Bankın və əməkdaşların inkişafını və gələcək hədəflərini təmin etməklə yanaşı, gələn ildən etibarən maliyyə nəticələrinə müsbət təsir göstərəcəkdir.
Son illərdə dünyada və qlobal iqtisadiyyatda baş verən hadisələr fonunda Bank əvvəlki kimi kredit risklərinə xüsusi diqqətlə yanaşaraq, ehtiyatların yaradılması ilə bağlı konservativ siyasətini bu il də davam etdirib. Bu məqsədlə il ərzində 19 milyon manat ehtiyatlara ayırmalar edib.
Bankın likvid aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Cari ilin ilk 9 ayı ərzində pul vəsaitləri və onların ekvivalentləri üzrə orta gündəlik qalıq 131 milyon manat olub ki, bu da ötən illə müqayisədə 38 milyon manat- yəni 41% çoxdur. Ötən müddət ərzində “Unibank”ın depozit portfeli də xeyli böyüyüb. Müddətli depozitlər ilk 9 ayda 62 milyon manat artaraq, 30 sentyabr 2022-ci il tarixinə 521 milyon manat təşkil edib.
Bank ölkədə nağdsız dövriyyənin artırılmasına hər zaman dəstək verir. Ötən ilin eyni dövrü ilə müqayisədə Unibank kartları üzrə nağdsız əməliyyatların sayı 5 dəfə çoxalıb, həcmi isə 4 dəfədən çox artaraq 3,1 milyard manatı ötüb.
Unibank-Sənin Bankın!