Valideynlərin mühüm vəzifəsi uşaqlara informasiya ilə zəngin rəqəmsal dünyada mövcud olmağı öyrətməkdir. Kaspersky mütəxəssisləri uşağa internetdə düzgün davranışı inkişaf etdirməyə kömək edəcək yeddi vərdişi müəyyən edib.
- Qadcetsiz vaxt aralığı
Kompüter və qadcetlərdən asılılıq yuxu problemlərinə, əhval-ruhiyyənin dəyişməsinə, çəki artımına, özünə inamın azalmasına və bədənin qeyri-adekvat qavranmasına səbəb ola bilər. Buna görə də, ən yaxşısı yatmazdan əvvəl qadcetlərdən istifadə etməmək və gecələr səssiz rejimi işə salmaqdır. Telefondan prinsipcə istifadə etməməli olduğunuz digər vəziyyətləri müzakirə etməyə dəyər, məsələn, ailə yeməyi müddətində.
- Cihazın enerji dolumuna nəzarət edin
Texnologiyanın inkişafına baxmayaraq, qadcetlərin enerjisi tez-tez tükənir. Uşağınızın əlaqə saxlaması üçün onu yatmazdan əvvəl dəhlizdə və ya mətbəxdə telefonunun batareyasını doldurmağı təklif edin. Beləliklə, bir daşla iki quş vurmuş olursunuz: cihazın enerji deposu həmişə səhər saatlarında dolu olacaq və uşağın yatmazdan əvvəl gülməli şəkilləri vərəqləmək imkanı olmayacaq. Uşağınıza portativ enerji doldurma cihazı (power bank) almaq və uzun müddət evdən çıxarkən onu həmişə özü ilə aparmağı öyrətmək də faydalı olacaq.
- Təhlükəsizlik qaydalarına əməl edin – həm onlayn, həm də real dünyada
Uşaq virtual aləmə qərq olduğu zaman onu real dünyada da təhlükələr gözləyir. Əvvəlcə izah edin ki, yolu keçərkən və ya pilləkənlərlə qalxarkən telefona baxmaq təhlükəlidir. Ayrı-ayrılıqda onlayn təhlükəsizlik haqqında danışın, çünki uşaq fırıldaqçılıq, şəxsi məlumat oğurluğu, viruslar və bir çox digər təhlükələrlə üzləşə bilər. Uşağınızı heç bir halda onun özünü və ya dostlarından birini çətin vəziyyətə sala biləcək şəxsi sənədlərin, bank kartlarından alınan məlumatların və fotoşəkillərin internetdə paylaşılmaması barədə xəbərdar etməyi unutmayın.
- Rəqəmsal etiket qaydalarına riayət edin
Adi oflayn məkanda olduğu kimi, rəqəmsal dünyada da yazılmamış etiket qaydaları var. İnsan adətən bu qaydaları virtual ünsiyyət vasitəsi ilə öyrənir. Amma uşağa əvvəlcədən bəzi normalar haqqında danışaraq utancverici vəziyyətlərdən qaçmağa kömək etmək lazımdır. Məsələn, internetdə nəyin etməli və nəyi etməməli olduğunu izah etmək. Universal sınaq – özünüzə sual verməkdir: bunu canlı olaraq bir insana deyərdimmi? İnternetdə təhqir yazmaq, insanları aşağılamaq yolverilməzdir.
- Media istehlakında qənaətcil olun
Sonsuz bildirişlər yorucudur və diqqətinizi bir şeyə cəmləməyə imkan vermir. Uşaqlar bir yana, hətta böyüklər də bəzən “bir saniyəlik messencerə baxmaq” tamahının öhdəsindən gəlməkdə çətinlik çəkirlər. Uşağınızın telefonunda bildirişləri məhdudlaşdırın ki, onlar məktəbdən və ya digər fəaliyyətlərdən yayınmasınlar, işləri daha tez yerinə yetirsinlər və daha az yorulsunlar.
- İnformasiyanı sistemləşdirin
Telefon və kompüterdəki nizam, insan beynindəki nizamın əksidir. Dolabdakı qarmaqarışıq vəziyyət uşağınızın həyatını ciddi şəkildə çətinləşdirə bilməz, lakin itirilmiş şifrələr, fayllar və ya unudulmuş telefon nömrələri onları həqiqətən sınağa çəkə bilər. Uşağa erkən yaşlarından məlumatları sistemləşdirməyi öyrətmək lazımdır.
- “Rəqəmsal detoks” edin
Valideynlər övladlarının ekran vaxtını minimuma endirməyə nə qədər çalışsalar da, çox güman ki, onun məlumatla “doyurulması” qaçılmazdır. Uşaq internetin həyatındakı rolunu dayandırmağı və azaltmağı bacarmalıdır: əvvəlcə sizin köməyinizlə, sonra isə öz gücü ilə. Məlumatla həddən artıq yüklənmə ilə mübarizə aparmağın daha təsirli (lakin daha mürəkkəb) yolu “rəqəmsal detoks”, yəni bu və ya digər dövr üçün qadcetlərdən tamamilə imtina etməkdir. Ən yaxşısı bunu müntəzəm şəkildə etməkdir.
Rəqəmsal əsr valideynlər üçün yeni problemlər təqdim edir. Onları həll edərkən ən əsası unutmamaq lazımdır ki, ən yaxşı nümunə öz üzərində göstərilən nümunədir. Bu qaydalara riayət etmək asan olmayacaq, lakin zaman keçdikcə onlar vərdiş halına gələcək və uşağın həyatını daha aydın gələcəyə yönləndirəcək.