ÜST “Sinovac” şirkətinin COVID-19 əleyhinə peyvəndini təcili istifadə üçün təsdiqləyib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinin “Sinovac Biotech” şirkətinin COVID-19 virusu əleyhinə “CoronaVac” peyvəndini təcili istifadə üçün təsdiqləyib.
Çin mediasına istinadla xəbər veririk ki, bu, ÜST-nin COVID-19 virusu əleyhinə təcili istifadə üçün təsdiqlədiyi 2-ci Çin peyvəndidir. Bundan əvvəl “Sinopharm” şirkətinin peyvəndi ilə bağlı eyni qərar verilmişdi. Bu qərar “CoronaVac” peyvəndinin COVAX təşəbbüsü çərçivəsində paylanmasına imkan yaradacaq.
Qeyd edək ki, “Sinovac” şirkətinin COVID-19 əleyhinə peyvəndi təsirsiz hala gətirilmiş (inaktivləşmiş) vaksindir. Bu peyvəndlərin hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub.
“Sinovac” şirkətinin peyvəndi Çin ilə yanaşı, dünyanın bir çox ölkəsində COVID-19 virusu əleyhinə vaksinasiyada istifadə olunur. Şirkət indiyədək 260 milyon doza “CoronaVac” peyvəndi istehsal edərək, yerli və xarici sifarişçilərə çatdırıb. Şirkət peyvəndə artan tələbatı nəzərə alaraq illik istehsal gücünü 2 milyard dozaya çatdırmaq üçün 3-cü istehsal xəttini istifadəyə verib.
Xatırladaq ki, Azərbaycanda yanvarın 18-dən həyata keçirilən vaksinasiya prosesində Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronaVac” peyvəndindən də istifadə olunur.