Bizim AşpazEventsMədəniyyətTəqdimat

Vətən müharibəsində şəhid olmuş kulinarların xatirəsi anılıb

Oktyabrın 20-də Dövlət Turizm Agentliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində şəhid olmuş kulinarların xatirəsinə həsr edilmiş tədbir keçirilib.

Frame.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin hörmət və ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Sonra iştirakçılar İkinci Fəxri xiyabanda şəhidlərimizin məzarlarını ziyarət edib, qəbirləri üstünə tər çiçəklər düzüblər.

“Yaban Bulvar” restoranında təşkil edilən tədbirdə Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov bildirib ki, kulinarlar öz peşə bayramını 2019-cu ildə Aprel döyüşləri zamanı Azərbaycan Ordusu tərəfindən azad edilən və dövlət başçısının xüsusi diqqəti sayəsində qısa müddətdə qurulan Cocuq Mərcanlıda hərbçilər və yerli sakinlərlə, 2020-ci ildə isə Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı 3 hərbi hissədə əsgərlərlə bərabər qeyd ediblər. 44 günlük Vətən müharibəsində 100-ə yaxın kulinarın əsgərlərə yemək hazırlamaq üçün cəbhəyə yollandığını deyən T.Əmiraslanov bildirib ki, onlardan 28-i əlinə silah alaraq döyüşə qatılıb. Hərbi əməliyyatlarda iştirak edənlərdən 6-sı şəhid olub. O, rəhbərlik etdiyi mərkəz tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıdan da danışıb.

Tədbirdə Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov ölkə başçısının müdrikliyi sayəsində Ordumuzun qazandığı Qələbədən, xalqımızın birliyindən söhbət açıb. Ümid edirəm çiçəklənən Azərbaycanda aşpazlarımız bundan sonra səngərdə deyil, mətbəxdə öz bacarıqlarını göstərəcəklər”, – deyə K.Qasımov əlavə edib.

İkinci Qarabağ savaşının iştirakçısı aşpaz Ruslan Şıxıyev bu Qələbənin əldə olunmasında zəhməti olan hər kəsə təşəkkür edib: “Bizim burada olmağımız şəhidlərin sayəsindədir. Biz şəhid analarına borcluyuq və onlarla fəxr edirik”. R.Şıxıyev döyüşərkən üzərində gəzdirdiyi bayrağı Milli Kulinariya Mərkəzinin Şərəf muzeyinə təqdim edib.

“Yaban” restoran şəbəkəsinin rəhbəri Rəşid Hüseynov şəhid ailələrinə başsağlığı verib və onlara səbir diləyib. Bildirib ki, onların əziz xatirəsi hər zaman əziz tutulacaq.

Sonra Milli Kulinariya Mərkəzinin direktoru tədbirdə iştirak edən şəhid analarına vətənpərvər, cəsur və qəhrəman övlad yetişdirdiklərinə görə “Vətən müharibəsində şücaət göstərən əsgər anasına Şərəfnamə” diplomu təqdim edib.

Şəhid Xəyal Həsənovun anası Zərnişan Həsənova çıxışında oğlu ilə fəxr etdiyini söyləyib.

Sonda şəhid ailələrinə hədiyyələr təqdim olunub.

Tədbir çərçivəsində “Yaban Bulvar” restoranında 44 günlük Vətən müharibəsində şəhid olan kulinarların ailələri və qazi aşpazlarla görüş keçirilib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!