V “Animafilm” Beynəlxalq Animasiya Festivalı yekunlaşıb
Sentyabrın 7-dən 11-dək Nizami Kino Mərkəzində V “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçirilib. Festivalda beş gün ərzində 29 ölkədən uşaqlar və böyüklər üçün çəkilmiş 121 müxtəlif animasiya filmləri nümayiş etdirilib. Festivalın builki mövzusu “İqlim dəyişikliyi”, devizi isə “Bir bilet-bir ağac” olub. Beynəlxalq tədbir “İqlim dəyişikliyi” mövzusuna həsr olduğuna görə bilet satışlarından əldə olunan bütün vəsait işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası üçün Qarabağ Dirçəliş Fonduna ianə edilib.
Frame.az xəbər verir ki, bağlanış mərasimində bilet satışlarından əldə olunan vəsaitin və əkiləcək ağacların sayını uşaq münsiflər heyətinin üzvü Esra Əliyeva açıqlayaraq bildirib ki, 4119 AZN vəsait toplanaraq 412 ədəd ağac əkilməsinə yönləndirilib.
Festivalın müsabiqədənkənar və peşəkar proqramları bu il də Fransa, Çexiya, Yaponiya və Ukrayna filmləri ilə zəngin olub. Bununla yanaşı, gənc animasiya həvəskarlarını nəzərdə tutan və Azərbaycan animasiya sənətinin inkişafını təşviq edən müxtəlif vörkşoplar, o cümlədən Conatan Laskarın ustad dərsi, Nitya Ramloganın “Stop motion”, Tilli Uolles və Nəzrin Ağamalıyevanın “Şüşə üzərində animasiya” vörkşopu, Daniel Börd, Elçin Hami Axundov və Məsud Pənahinin birgə keçirdiyi animasiya restavrasiyası haqqında “Animasiya refreyminqi: rəqəmsal texnologiyalar əsrində hərəkətli təsvirin qorunması və bərpası” konfransı və festivalda ilk dəfə virtual sərgi açılıb. Festivalın peşəkarlar üçün proqramı çərçivəsində ilk dəfə keçirilən “Making-of” tədbirində isə istehsal mərhələsində olan 5 yerli animasiya filminin təqdimatı həyata keçirilib.
V “Animafilm” festivalında beynəlxalq münsiflər heyətinin tərkibi Conatan Laskar (İsveçrə), Tilli Uolles, Daniel Börd və Markus Övre (Böyük Britaniya), Nodar Beqiaşvili (Gürcüstan), Yorn Leuverink (Niderland) kimi peşəkarlardan ibarət olub.
Bu il ənənəvi olaraq festivalın uşaq münsifləri də fəaliyyət göstərib. 22 üzvdən ibarət olan bu heyət festival müddətində maarifləndirici və əyləncəli uşaq proqramında iştirak etdikdən sonra “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” və “Ən yaxşı animasiya seriyalı” kateqoriyaları üzrə iki qalib seçərək, bu kateqoriyanın qaliblərini səhnədə elan ediblər. Bundan əlavə, bu il tamaşaçılar “Tamaşaçı seçimi” müsabiqəsinin qalibini film nümayişlərindən sonra elektron səsvermə əsasında müəyyənləşdirib. Festivalın ən böyük mükafatı olan “Ən yaxşı qısametrajlı animasiya filmi” nominasiyası üzrə “Grand prix”in qalibini Mədəniyyət Nazirliyinin audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov açıqlayıb. Yerli müsabiqənin “Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi” nominasiyasının qalibi isə Fransanın Azərbaycandakı səfirliyinin Mədəni fəaliyyət və əməkdaşlıq üzrə müşaviri Çarlz Denyer tərəfindən açıqlanıb. O, bildirib ki, bu mükafatın qalibi ənənəvi olaraq dünyanın ən böyük animasiya festivalı olan Fransanın Annecy (Ansi) Beynəlxalq Animasiya Festivalına MİFA peşəkar akkreditasiyası ilə qatılma imkanına sahib olacaq.
Tədbirdə vörkşoplara qatılmış iştirakçıların iqlim dəyişikliyi mövzusunda qısa animasiya rolikləri də nümayiş etdirilib.
Daha sonra Beynəlxalq müsabiqənin qalibləri elan olunub. “Ən yaxşı qısametrajlı animasiya filmi” nominasiyası üzrə “Grand prix” mükafatına rejissor Amandin Mayerin “A Story for 2 Trumpets” (“2 trubka üçün hekayə”) (Fransa), rejissor Ouen Klatenin “Of Wood” (“Ağacdan”) (ABŞ), “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” nominasiyası üzrə rejissor Ana Çubinidzenin “Franzy’s Soup Kitchen” (“Frenzinin şorba mətbəxi”) (Gürcüstan, Fransa), “Ən yaxşı televiziya animasiya seriyalı” nominasiyası üzrə rejissor Sedrik Laşenaudun “Grizzy and the Lemmings World Tour – The Legend of the Lemmings” (“Grizzy və lemminqlərin dünya turu – Lemminqlər haqqında əfsanə”) (Fransa), “Ən yaxşı qısametrajlı eksperimental və ya abstrakt animasiya filmi” nominasiyası üzrə rejissor Nelson Fernandesin “Us” (“Bizi”) (Portuqaliya), “Ən yaxşı musiqili animasiya videosu” nominasiyası üzrə rejissorlar Mario Kreyl Sirillo və İzabel Emili Viqandın “Transparent Black and Iron Rich Red” (“Şəffaf qara və dəmirlə zəngin qırmızı”) (İtaliya), “Ən yaxşı tələbə animasiya filmi” nominasiyası üzrə rejissor Tanq Rehunun “A Dog under Bridge” (“Körpünün altında bir it”) (Çin) beynəlxalq animasiya filmləri layiq görülüblər.
Yerli müsabiqənin qalibləri də elan olunub. Onlardan “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” nominasiyası üzrə mükafata rejissor Ülviyyə Məmmədovanın “Ağ qorxu” (“White Fear”) və rejissor Kövsər Qurbanın “Bir Damla” (“One Drop”) (Azərbaycan) yerli animasiya filmləri layiq görülüblər.
Tamaşaçı seçimi müsabiqəsinin qalibi isə rejissor Ana Çubinidzenin “Franzy’s Soup Kitchen” (“Frenzinin şorba mətbəxi”) (Gürcüstan, Fransa) animasiya filmi olub.
Qeyd edək ki, festivalın builki tərəfdaşları Mədəniyyət Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Qarabağ Dirçəliş Fondu, Culture Network House Association, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası, Shahmaran Metaceramica, Dynamic Box Studio, Nizami Kino Mərkəzi, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi, Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutu, Çexiya Respublikasının Azərbaycandakı səfirliyi, Yaponiyanın Azərbaycandakı səfirliyi və Yaponiya Fondu, Annecy Beynəlxalq Animasiya Film Festivalı və TVPaint Développement olublar.
Bağlanış mərasiminin sonunda festivalın art-direktoru Nəzrin Ağamalıyeva 2023-cü ildə keçiriləcək VI festivalın mövzusunun gender bərabərliyinə həsr olunacağını və bilet satışlarından əldə olunan bütün gəlirin bir gənc qızın təhsilinə xərclənəcəyini diqqətə çatdırıb.