V “Animafilm” Beynəlxalq Animasiya Festivalına 29 ölkədən 75 film qəbul edilib

Bakıda “Azərbaycan Animasiya Assosiasiyası” İctimai Birliyinin (İB) təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək V “Animafilm” Beynəlxalq Animasiya Festivalı ilə əlaqədar sentyabrın 6-da Nizami Kino Mərkəzində mətbuat konfransı təşkil edilib.

Tədbirdə İB-nin sədri, festivalın təsisçisi və direktoru Rəşid Ağamalıyev festivalın proqramı barədə geniş məlumat verib. Builki festivalın daha fərqli olacağını vurğulayan R.Ağamalıyev deyib: “Sentyabrın 7-dən 11-dək uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş ənənəvi festival Nizami Kino Mərkəzində baş tutacaq. Festival “Bir bilet-bir ağac” şüarı altında keçiriləcək. İqlim dəyişikliyinə həsr olunan tədbirdə bilet satışından əldə olunacaq gəlir azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası üçün Qarabağ Dirçəliş Fonduna ianə ediləcək”.

Onun sözlərinə görə, festivala 50 müxtəlif ölkədən 230 film daxil olub: “Seçim komissiyası müsabiqəyə 29 ölkədən 75 film qəbul edib. Bu filmlər 1 yerli və 6 beynəlxalq kateqoriyalar üzrə yarışacaq. Azərbaycandan 16 film müsabiqədə iştirak edir. Bütün seçilmiş filmlərə beynəlxalq münsiflər heyəti baxacaq, qaliblər V “Animafilm” Beynəlxalq Animasiya Festivalının bağlanış mərasimində elan olunacaq”.

“Animafilm” Beynəlxalq Animasiya Festivalının media meneceri Bahar Zeynallının sözlərinə görə, builki festival tamaşaçılara üç əsas proqram təqdim edir – müsabiqə və müsabiqədənkənar, eləcə də peşəkarlar üçün proqram.

O bildirib ki, festivalda animasiya filmlərinin nümayişi ilə yanaşı, yerli və xarici peşəkarların iştirakı ilə vörkşoplar və ustad dərsləri də təşkil olunacaq.

Mədəniyyət Nazirliyinin əməkdaşı Elşad Əliyev ölkəmizdə animasiya filmlərinin istehsalından danışıb. Bildirib ki, mütəmadi olaraq Mədəniyyət Nazirliyinin sifarişi ilə müxtəlif şirkətlərlə əməkdaşlıq çərçivəsində animasiya filmləri istehsal olunur: “2021-ci ildə “Böyük Qayıdış” adlı müsabiqə keçirildi. Bu, Vətən müharibəsinə, qazilərimizə həsr olunmuş müsabiqə idi. Həmin müsabiqədə Qarabağ mövzusunda olan animasiyalar seçilmişdi ki, o animasiyalar müstəqil şirkətlər tərəfindən təqdim olunmuşdu. Nazirliyin dəstəyi ilə həmin animasiyalardan birinin hətta Milli Kino Günündə təqdimatı da keçirildi. Digər animasiyanın isə istehsalı hələ ki, davam etdirilir. Mədəniyyət Nazirliyi mütəmadi olaraq animasiya layihələrinə dəstək olur. Bu dəstəklərdən biri də şahidi olduğunuz V “Animafilm” Beynəlxalq Animasiya Festivalıdır”.

“Animafilm” Beynəlxalq Animasiya Festivalının art direktoru Nəzrin Ağamalıyeva deyib ki, festivalın müsabiqədənkənar proqramında iqlim dəyişikliyi ilə bağlı filmlər, uşaqlar üçün “Ana təbiət” proqramı, Çexiyanın “Hətta siçanlar da cənnətə aiddir” tammetrajlı filmi, Ukrayna animasiyası, virtual sərgi və Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalib filmləri təqdim olunacaq. Həmçinin Azərbaycanla Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə “Hava övladı” adlı tammetrajlı animasiya filmi nümayiş etdiriləcək. Peşəkarlar üçün proqramda hazırda üzərində iş gedən Azərbaycan animasiya filmləri təqdim olunacaq, beynəlxalq münsiflər heyəti ilə görüşlər nəzərdə tutulub. “Bir bilet – bir ağac” şüarı altında keçiriləcək V “Animafilm” festivalının seçim komissiyası müsabiqə proqramına daxil edilmiş filmlərin siyahısını elan edib. Siyahı festivalın www.animafilm.az  rəsmi saytında dərc olunub”.

Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının sədr müavini Telman Məlikzadə festival təşkilatçılarını təbrik edərək deyib: “Bizim federasiyamız bütün yaradıcılıq sahələrində fəaliyyət göstərən peşəkarların, assosiasiyaların, şirkətlərin fəaliyyətinin əlaqələndirilməsinə dəstək göstərir və bizim əsas tərəfdaşlarımız Mədəniyyət Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər qurumlardır. O cümlədən ölkəmizdə yaradıcılıq sahəsi üzrə bir çox tədbirlərdə aktiv şəkildə tərəfdaşlıq edərək dəstək göstəririk. Bu festivalın proqramı çox zəngindir və biz, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası olaraq bu cür önəmli layihələrə hər zaman öz dəstəyimizi veririk”.

Daha sonra animator rəssam V “Animafilm” Festivalının qonağı Nitya Ramloqan festivalla bağlı öz təəssüratlarını bölüşərək təşkilatçılara xoş arzularını çatdırıb.

Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: