FestivallarIqtisadiyyatMədəniyyətTurizmTəqdimat

V Animafilm Beynəlxalq Animasiya Festivalından əldə olunan gəlir Qarabağ Dirçəliş Fonduna ianə edilib

“Bir bilet-bir ağac” şüarı altında keçirilən V Animafilm Beynəlxalq Animasiya Festivalı uğurla yekunlaşıb.

29 ölkədən uşaq və böyüklər üçün çəkilmiş 121 animasiya filminin iştirak etdiyi festivalın builki mövzusu “İqlim dəyişikliyi” idi. Festivaldan əvvəl elan edildiyi kimi bilet satışından əldə olunan vəsait işğaldan azad edilən ərazilərdə ətraf mühitə dəyən zərərin aradan qaldırılmasına, ekoloji tarazlığın bərpası və təbiətin sağlamlaşdırılmasına dəstək olmaq məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə olunub.

“Azərbaycan Animasiya Assosiasiyası” İctimai Birliyi adından Qarabağda 412 ağac əkiləcək. Qarabağ Dirçəliş Fondu bu nəcib addım üçün V Animafilm Beynəlxalq Animasiya Festivalının təşkilatçıları olan “Azərbaycan Animasiya Assosiasiyası” İctimai Birliyi və “Peri film” şirkətinin rəhbərliyinə, o cümlədən əməyi keçən bütün heyətə təşəkkür edib, həmçinin hər kəsi işğaldan azad edilən ərazilərdə ətraf mühitə vurulan zərərin aradan qaldırılmasına, ekoloji tarazlığın bərpası, eləcə də yenidənqurma işlərinin təşkilinə, sosial-iqtisadi rifahın yaxşılaşdırılması məsələsinə dəstək olmağa çağırıb.

Qeyd olunub ki, Qarabağın dirçəlişi kimi mühüm bir missiya ətrafında birləşmək, eyni zamanda Qarabağın dirçəlişi istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə irəli sürülən belə təşəbbüslər həmrəyliyin birbaşa təzahürüdür: “Vətənin təbiətini qorumaq, mühafizə etmək, onun flora və faunasına sahib çıxmaq hər birimizin borcu, ümumxalq işidir”.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!