Mayın 5-də Müasir İncəsənət Muzeyində Vüqar Muradovun “Bənzətmə” adlı fərdi sərgisinin möhtəşəm açılışı baş tutub.
Sərginin xalçaçı gününə təsadüf etməsi heç də əsassız deyil, çünki təqdim olunan əsərlərin hamısı milli xalça motivləri ilə zəngindir.
Qeyd edək ki, Azərbaycan xalçaçılıq sənəti ən qədim və fundamental sənət ənənəsi olmaqla bərabər, həm də, özünün əsrlər boyu formalaşmış qaydalar strukturunda dəyişilməyə meylli olmayan konservativ bir ənənəni təşkil edir. Vüqar Muradov bu həssas mövzunun işlənməsində ən uyğun yolu tapa bilmişdir.
V.Muradovun “xalça” silsiləsində bu cür gözlənilməz, bəlkə də, müəllifin özünün dərk etmədiyi təsviri kompozisiyanın həllinin iki konseptual yanaşmasının – şərqi-islam və uzaq şərqi-buddist yanaşmalarının sintezi özünü büruzə verir. Bu maraqlı və məhsuldar sintez hər iki vizual-plastik ənənənin Şərq incəsənətinə aid olduğu halda, tam şəkildə müxtəlif dini-fəlsəfi ənənələrə əsaslanan və yekcins olmayan Şərqin müasir incəsənətinə bundan əvvəl təsəvvürə gətirilməyəcək bir stilistik bütövlük bəxş edir. Ayrı sözlə desək, “iki Şərqin” simvolik görüşü baş tutur. (Teymur Daimi, rəssam, fəlsəfə doktoru)
Sərgi may ayının 21-dək davam edəcəkdir. Giriş sərbəstdir. Frame.az