Bakıda ilk dəfə keçirilən “World E-Commerce Eurasia 2019” forumu noyabrın 27-də öz işini dəyirmi masa formatında müzakirələrlə davam etdirib.
Frame.az xəbər verir ki, “MyBroker” şirkətinin təşəbbüsü ilə keçirilən “World E-Commerce Eurasia 2019”un ikinci günündə dövlət və özəl sektorun mütəxəssislərinin, beynəlxalq və yerli təşkilatların nümayəndələrinin iştirakı ilə dəyirmi masalar təşkil olunub, türkiyəli professor İbrahim Kırcovanın təqdimatında “Azerbaijan E-Commerce Workshop” keçirilib.
Elektron ticarət iştirakçıları vergi siyasəti, vergitutma, ödəniş sistemləri, gömrük rəsmiləşdirilməsi, yerli sahibkarların ixrac imkanları və onlara dəstək, məhsulların xarici bazarlarda tanıtımı və markalaşma məsələləri, logistik imkanlar, digər xidmətlər (gömrük, vergi, sığorta, maliyyə, bank, logistika və sair) arasında sistemli inteqrasiya və əməliyyatlara nəzarət kimi məsələləri müzakirə ediblər. Müzakirələrə e-ticarət sahəsinin maraqlı tərəfləri – vergi, gömrük, maliyyə bazarları və ixrac sahəsi üzrə müvafiq dövlət qurumlarının, eləcə də bank, ödəniş platformalarının, logistika və poçt daşınma şirkətlərinin nümayəndələri, elektron ticarətçilər, mikro, kiçik və orta sahibkarlar, bu sahə ilə məşğul olan iş adamları, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID), Azərbaycan Dövlət Aqrar Universitetinin, “CNFA”nın təmsilçiləri və bu sahədən olan xarici mütəxəssislər qatılıblar.