“Xəzər həftəsi” çərçivəsində təmizlik aksiyaları keçiriləcək
Xəzər dənizinin sahil zonası və su akvatoriyası, xüsusən yay aylarında davamlı olaraq çirklənməyə məruz qalır. Bəzən insanlar öz istirahətlərini təşkil edərkən təmizliyə riayət etmir, ətrafı, dəniz sahilini tullantılarla çirkləndirirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, Xəzər dənizinin ətraf mühitinə bu cür laqeyd və etinasız yanaşma nəticəsində elə məhz insanlar özləri mənfi təsirlərlə üzləşir. Həmçinin sanitariya qaydaları pozulur, təbiət də zərər görür. Çirklənmələr daha çox birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik tullantıların ətrafa atılması ilə baş verir. Plastik tullantılar nəinki ərazilərin ekoloji vəziyyətinin pozulmasına və antisanitar vəziyyətin yaranmasına gətirib çıxarır, həm də Xəzər dənizinin bioresurslarına mənfi təsir göstərir”.
S.Məmmədovanın sözlərinə görə, bu cür halların qarşısının alınması məqsədilə sahil zolaqlarında mütəmadi iməciliklər, müxtəlif təmizlik aksiyaları təşkil olunur: “Hər il sentyabrın sonuncu həftəsi qeyd olunan “Xəzər həftəsi” çərçivəsində keçirilən təmizlik aksiyalarını bu il də ölkənin bütün sahilyanı ərazilərində davam etdirəcəyik. Niyyətimiz daxili su hövzələrinin sahilboyu ətraf ərazilərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin plastik və məişət tullantıları ilə çirkləndirilməsinin qarşısını almaq və bu işlərə daha geniş kütləni cəlb etməklə ölkənin sahilboyu ərazilərinin təmizliyinə nail olmaqdır”.
Nazirlik rəsmisi bildirib ki, hər il sentyabrın sonuncu həftəsi keçirilən Beynəlxalq Dəniz Günü dünya ictimaiyyətinin diqqətini su hövzələrinin və onun bioresurslarının qorunmasına yönəltmək məqsədilə 1978-ci ildə Beynəlxalq Dəniz Təşkilatı (IMO) Assambleyasının 10-cu sessiyasının qərarı ilə təsis edilib.