EventsFestivallarMədəniyyətTəqdimat

Xalça Muzeyində Azərbaycan xalça ornamentlərilə bəzədilmiş yapon kimonosu dəfiləsi keçirilib

Noyabrın 11-də Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə “Eleqant kimono: Yapon kimono şousu” adlı moda nümayişi keçirilib.

Tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, Yaponiyanın Azərbaycandakı səfirliyi, SOAC Art Consultancy & Curation, Odasho Co. Ltd, Yaponiya Beynəlxalq Tekstil Şəbəkəsinin təşkilatçılığı, “ISR Holding”in dəstəyi ilə gerçəkləşib.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova bu il Yaponiya ilə mədəni əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini və bunun əlamətdar tədbirlərlə müşayiət olunduğunu deyib: “Yaponiya mədəniyyəti üçün kimono əsas simvollardan biridir. Əsrlər boyu bu ənənəvi geyim bir çox dizayner və rəssamların ilham mənbəyi olub. Onların yaratdıqları əsərlər şübhəsiz geyim sənayesinə də təsir etmişdir”.

Şirin Məlikova bildirib ki, moda nümayişində yaponların bayram, toy kimi xüsusi günlərdə və digər mərasimlərdə geyindikləri, həm uşaqlar, həm də böyüklərin həyatında öz yeri və rolu olan müxtəlif növ kimonolar nümayiş olunur. Dəfilədə ənənəvi yapon kimonoları ilə yanaşı, Azərbaycan xalça ornamentlərilə işlənmiş kimonolar da təqdim olunub. Qeyd edib ki, kimonoların üzərində Qarabağın şabalıd-buta adlı ornamentlərilə bəzədilmiş elementlərini, həmçinin ənənəvi türk “kutnu” parçalarından hazırlanmış kimonolarını də görmək olar.

Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada bugünkü şounun Yaponiyanın ənənəvi kimonosu ilə bağlı olduğunu deyib: “Kimono yapon mədəniyyətinin ayrılmaz hissəsi olan ənənəvi geyimdir. Kimononun müxtəlif növləri vardır. Bu gün model qismində səfirliklərin əməkdaşları, Azərbaycanda yaşayan yaponlar və yapon mədəniyyətini sevən azərbaycanlılar iştirak edir”.

Səfir tədbirin həyata keçirilməsinə görə Xalça Muzeyinə və dəstəkçi şirkətlərə təşəkkür edib.

Sonra moda nümayişi başlayıb. Ümumilikdə təkcə milli yapon geyimi kimi deyil, həm də universal geyim olaraq coğrafi sərhədləri aşmış moda nümunələri olan 24 kimono nümayiş etdirilib.

Sonda modellərlə birlikdə kollektiv şəkil çəkilib.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!