EventsMədəniyyətSərgiTəqdimat

Xalça Muzeyində “İki Yulius” adlı sərgi açılacaq

Oktyabrın 19-da Azərbaycan Milli Xalça Muzeyində Gülbene Bələdiyyəsi Tarix və İncəsənət Muzeyi, Dekorativ İncəsənət və Dizayn Muzeyi, Latviya Milli İncəsənət Muzeyi, Gülbene İncəsənət Məktəbi, Gürcüstan İncəsənət Muzeyi – Mədəniyyət Tarixi Muzeyinin birgə təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Latviyanın ölkəmizdəki səfirliyi, Latviya Dövlət Mədəniyyət Kapitalı Fondunun dəstəyi ilə “İki Yulius” sərgisinin açılışı olacaq.

Xalça Muzeyindən bildirilib ki, sərginin adı Gülbenedə anadan olan iki məşhur rəssamın – Yulius Maderniks və Yulius Straumenin yaradıcılığına həsr edilən və 2018-ci ildən etibarən hər il bu şəhərdə keçirilən festivalın adından götürülüb. Ötən əsrin birinci yarısında Latviya peşəkar tətbiqi sənətinin və dizaynının əsaslarını qoymuş bu məşhur sənətkarlardan Yulius Straumenin adı Azərbaycan xalçaçılığı ilə də sıx bağlıdır. Qafqaz Kustar Komitəsində rəssamlıq şöbəsinin müdiri kimi onun tabeliyində bir çox yerdə, o cümlədən müasir Azərbaycan ərazisində emalatxanalar fəaliyyət göstərirdi. Straume Qafqazda mütəmadi olaraq etnoqrafik ekspedisiyalar aparır, əksəriyyətini xalça ornamentləri təşkil edən milli əl işi nümunələrinin saysız-hesabsız eskizlərini və fotoşəkillərini toplayırdı. Texniki tapşırıq kimi toxuculara paylamaq üçün eskizləri qrafik kağız üzərində çəkmək fikri ona aiddir.

Onun eskizləri, eləcə də Azərbaycan xalçalarının eskizləri xalçaçılıq tarixini özündə qoruyub saxlayan nadir, qiymətli irsdir. Sərgidə Yulius Straumenin Qafqaz və Şərq incəsənətinin, həmçinin art-deko üslubunun, milli romantizmin təsirini özündə əks etdirən eskizlərinin reproduksiyaları nümayiş olunacaq. Eskizlərin orijinalları Köhnə Druvyena Məktəb-Muzeyi (Latviya), Gülbene Bələdiyyəsi Tarix və İncəsənət Muzeyi (Latviya), Latviya Milli İncəsənət Muzeyi (Latviya) və Gürcüstan İncəsənət Muzeyi – Mədəniyyət Tarixi Muzeyində (Gürcüstan) qorunur.

Ekspozisiyanın əsas hissəsini Straume və Maderniksin eskizləri əsasında hazırlanmış müasir tekstil və çini əsərləri təşkil edəcək. Bunlar “Saxsa” Xalq Tətbiqi Sənəti Studiyasının (Latviya) üzvləri və onun direktoru Biruta Akmentina tərəfindən yaradılmış şərflər, dəsmallar, corablar və əlcəklər, rəssam İnes Brantsın (Latviya) naxışlarla bəzədiyi çini qablar, eləcə də Təbriz İslam İncəsənət Universitetinin professoru Kərim Mirzəyi və onun tələbələri tərəfindən yaradılmış xalça, balış və süfrələrdir.

Sərgidə Dekorativ İncəsənət və Dizayn Muzeyinin Latviya toxuculuq kolleksiyasının kuratoru Ruta Rinkanın Latviya tekstilinə dair mühazirəsi keçiriləcək, həmçinin Gülbene İncəsənət Məktəbinin və Azərbaycan Milli Xalça Muzeyinin mütəxəssislərinin xüsusi olaraq bu sərgi üçün hazırladığı uşaqlar üçün proqramlar yer alacaq.

Sərgi gələn il yanvarın 6-dək ziyarətçilər üçün açıq qalacaq.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!