Yaponiya nümayəndə heyəti “ASAN xidmət”də
26 iyul 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Yaponiyanın Daxili İşlər və Rabitə nazirinin müavini cənab Hideo Ohnişinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri, fəaliyyət istiqamətləri, innovasiyaların tətbiqi barədə məlumat verilib. Eyni zamanda Dövlət Agentliyi ilə səmərəli əməkdaşlıq və “ASAN xidmət” modelininYaponiyada tətbiqi məsələlərinin araşdırılması üçün əməkdaşlıq qurulması qərarına gəlinib. Qonaqlara “MyGov” konsepsiyası barədə də geniş məlumat verilib.
Bildirilib ki, Azərbaycan bu il keçirilmiş BMT-nin Dövlət Xidmətləri Forumunda rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı səhəsində BMT-nin xüsusi mükafatına, “ASAN xidmət” isə 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülüb.
Qonaq, həmçinin “ASAN xidmət” mərkəzi, “ASAN Radio” və “ASAN Təlim-Tədris Mərkəzi”nin fəliyyəti ilə tanış olub.