Site icon Frame.az

“YAŞAT” düşərgəsinin iştirakçıları üçün rəsədxanaya ekskursiya təşkil edilib

Üçüncü “YAŞAT” düşərgəsinin iştirakçıları N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasını ziyarət ediblər.

Bu barədə rəsədxanadan məlumat verib. Bildirilib ki, iştirakçılar əvvəlcə rəsədxananın muzeyində olublar. Peşəkar bələdçilərin müşayiətilə təşkil edilən ekskursiya zamanı şəhid övladlarına eksponatlar haqqında ətraflı məlumat verilib.

Sonra düşərgə iştirakçıları rəsədxananın 2 metrlik teleskopunun binasında olublar. Kiçik elmi işçi Samirə Rəhimli qonaqlara teleskopun texniki parametrləri, burada aparılan elmi tədqiqat işləri barədə məlumat verib və onların kosmos haqqında suallarını cavablandırıb.

Qeyd edək ki, “YAŞAT” düşərgəsi “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “PMD Hospitality”nin tərəfdaşlığı ilə reallaşdırılıb.

Layihə çərçivəsində, ümumilikdə 300-dən çox şəhid övladını əhatə edəcək 7 düşərgənin həyata keçirilməsi nəzərdə tutulur. Hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatr tamaşaları, peşəkarlar mütəxəssislərlə, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları təşkil olunacaq.

 

Exit mobile version