Site icon Frame.az

“YAŞAT” yaralananlar və şəhid ailələrinin ehtiyaclarını qarşılamağa başladı

“YAŞAT” Fondunun əməkdaşları ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananların və şəhid ailələrinin yaşadıqları ünvanlarına üz tutmaqla bərabər bu kateqoriyadan olan şəxslərin ehtiyaclarını qarşılamağa da başlayıblar.

Şəhid Fuad Haşımovun atası Haşımov Ceyhun Kamil oğlu 3-cü dəfə insult keçirdiyinə görə hazırda müalicə alır. Müddətindən asılı olaraq onun müalicə xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanacaq.  Şəhid Şeydayev Rəfaelin anası Şeydayeva Cəmilə Saday qızı hazırda tənha yaşayır və xəstəliyi ilə əlaqədar müalicə olunmaq üçün müraciət edib. “YAŞAT” Fondu tərəfindən məsələyə baxılıb və müalicə xərcləri dövlət tərəfindən qarşılanacaq. Müalicə ilə əlaqədar yaranacaq digər xərcləri isə Fond öz öhdəsinə götürüb.

Yalnız fərdi qaydada deyil, irihəcimli yardımlar da gerçəkləşir. Səhiyyə Nazirliyinin Buzovnada yerləşən Reabilitasiya Mərkəzində müalicələri davam etdirilən və “RGO” ortopedik cihazına ehtiyacı olan 6 qazimiz üçün bu cihazlar xaricdən sifariş edilib.

Xatırladaq ki, Fondun əməkdaşlarından ibarət 69 qrup zəruri planşetlərlə təmin olunub və bütün zəruri ehtiyaclar elektron qaydada qeydə alınır. “YAŞAT” Fondunun əməkdaşları şəhid ailələrinin üzvləri və qazilərimizdən təşkil olunublar. Fondun fəaliyyəti çərçivəsində müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının müəyyənləşdirilməsi və qarşılanması prosesi davam edir.

Frame.az

Exit mobile version