EventsMobil dünyaTəhsilTəqdimat

“Yeni Nəsil 2.0” layihəsinin qalibləri açıqlanıb

“Coca-Cola” Fondunun əsas dəstəyi, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilən “New Generation 2.0” (“Yeni Nəsil 2.0”) layihəsinin dekabrın 22-də baş tutan bağlanış mərasimində qaliblər müəyyənləşdirilib.

Frame.az xəbər verir ki, birinci yerə “Yoochamp”, ikinci yerə “GreenBomb”, üçüncü yerə “Buta” komandaları layiq görülüb. Layihədə həvəsləndirici meyar olaraq dördüncü yeri “Bonpini” komandası və beşinci yeri isə “Hamsa-recyling” komandası qazanıb.

“Youth Inc.” Sahibkarlıq Proqramı və Biznes İnkubasiya Mərkəzinin meneceri Talifa İsgəndərlinin açılış nitqindən sonra dövlət rəsmiləri də layihə ilə bağlı fikirlərini, eyni zamanda, sahibkarlıq ideologiyasının yeni nəsil üçün nə qədər vacib olduğunu vurğulayıblar.

Beş mərhələdən ibarət olan layihə ümumilikdə Bakı, Abşeron-Qobustan, Gəncə-Qazax, Şəki-Zaqatala, Sabirabad və Lənkəran bölgələrindən olan 3500 gənci əhatə edib.

“Yeni Nəsil 2.0” layihəsi “HoReCa” (otel, restoran, keytrinq), innovasiya-startap, rəqəmsallaşma və kənd təsərrüfatı istiqamətlərini əhatə edib. Layihə çərçivəsində sahibkarlıq yönündə maarifləndirmə, innovativ ekosistemin, biznes ideyalarının yaradılması kimi mövzularda təlim və tədbirlər keçirilib. Layihə müddətində iştirakçılar üçün mentor dəstəyi ilə yanaşı, investisiya fondu mükafatı da qoyulub.

Bir ili əhatə edən layihənin bağlanış mərasimində, finala vəsiqə qazanan 20 komanda öz layihələrini təqdim edib. Münsiflər heyətinin qərarı ilə beş komanda mükafata layiq görülüb.

Bağlanış mərasimi Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Coca-Cola şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə İctimaiyyətlə əlaqələr və kommunikasiya direktoru Elşad Fərzəliyev, Milli Məclisin deputatları Şahin Seyidzadə, Vüqar Bayramov, Vüqar İsgəndərov və digər rəsmilərin iştirakı ilə həyata keçirilib.

Mərasimin sonunda “Yeni Nəsil 2.0” layihəsinin və 10 illiklərini qeyd edən “Youth Inc.” Sahibkarlıq Proqramı və Biznes İnkubasiya Mərkəzinin hesabat video çarxları təqdim olunub.

Qeyd edək ki, “Yeni Nəsil 2.0” (“New Generation 2.0”) layihəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “Coca-Cola” şirkəti, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin tərəfdaşlığı və “Youth Inc.” Sahibkarlıq Proqramı və Biznes İnkubasiya Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!