EventsMədəniyyətSərgiTəhsilTəqdimat

“Youth ArtCamp Shusha and Baku” layihəsinə yekun vurulub

Sentyabrın 4-də Beynəlxalq Muğam Mərkəzində “Youth ArtCamp Shusha and Baku” (Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi) adlı beynəlxalq layihənin bağlanış mərasimi keçirilib.

Layihə çərçivəsində Muğam Mərkəzində Ağdam, Füzuli, Cəbrayıl və Şuşa şəhərlərini ziyarət edən 16 gənc rəssamın çəkdikləri rəsmlər əsasında sərgi açılıb.

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov layihənin Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası, ölkəmizin İspaniyadakı səfirliyi və Andorranın UNESCO üzrə Milli Komissiyasının təşkilatçılığı ilə ərsəyə gəldiyini bildirib: “Biz çalışırıq yaradıcı düşərgəni dünyanın bütün bölgələrində gerçəkləşdirək. Bu dəfə layihə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirildi. Ağdam Şuşa və digər bölgələrdə tarixi abidələrimiz dağıdılsa da, biz, Qarabağı yenidən quracağıq. Biz çalışırıq bu bölgədə sülhün yaradıcısı olaq. Şuşa və Qarabağın digər bölgələrini ziyarət edən rəssamlar təbiətdən ilhamlanaraq öz təəssüratlarını kətan üzərinə köçürən zaman bir növ Azərbaycanın mədəniyyət elçisinə çevrilir. Əminəm ki, burada olarkən gənc rəssamlar Azərbaycan xalqının sülhsevər və qonaqpərvər bir xalq olduğunu görüb. Şadam ki, UNESCO tərəfindən yaradılan bu layihə gələcəkdə Şuşanı dünya mədəniyyətinin böyük bir mərkəzinə çevirəcək”.

UNESCO-nun mədəni diplomatiya üzrə xoşməramlı səfiri Hedva Ser gənc rəssamları Azərbaycanda görməkdən məmnun olduğunu söyləyib. O deyib: “Mən Şuşanın müharibədən əvvəlki və sonrakı vəziyyətini şəkillərdə görərkən çox təsirləndim. Rəssamların gördüyü işlər mənim çox xoşuma gəldi. 2012-ci ildən başlanan layihə incəsənət nümayəndələrini tək bir araya gətirmək üçün deyil, həmçinin dünya xalqları arasında mədəni körpünün qurulmasına xidmət edir”.

Əməkdar rəssam Əsmər Nərimanbəyova sərginin layihədə iştirak edən rəssamlar üçün çox əhəmiyyətli olduğunu deyib. Bildirib ki, bu rəsmlər Ağdam, Füzuli, Cəbrayıl və Şuşanın bir güzgüsüdür. Rəssamlar Qarabağdan ilhamlanaraq onu olduğu kimi əks etdiriblər.

Sonra layihədə iştirak edən rəssamlara sertifikatlar təqdim olunub.

Layihə çərçivəsində gənc rəssamların çəkdiyi rəsm əsərlərindən ibarət kataloqun hazırlanması və xarici ölkələrdə yayımlanması, həmçinin rəsm əsərlərindən ibarət sərginin təşkili nəzərdə tutulur.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!