Site icon Frame.az

Beynəlxalq Muğam Mərkəzi Seyid Şuşinskinin 130 illik yubileyini qeyd etdi

Mayın 29-da Beynəlxalq Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsi çərçivəsində Azərbaycan muğam sənətinin unudulmaz nümayəndəsi, tanınmış musiqi xadimi və pedaqoq, Xalq artisti Seyid Şuşinskinin anadan olmasının 130 illiyinə həsr edilmiş tədbir keçirildi.

Azərbaycan Respublikası Prezidentinin görkəmli xanəndənin 130 illik yubileyinin qeyd edilməsi haqqında 2019-cu il 4 fevral tarixli Sərəncamının icrası çərçivəsində təşkil olunan tədbirdə əvvəlcə videoçarx nümayiş olundu. Videoçarxda xanəndənin ifasında “Qızıl fond” da qorunan “Mənsuriyyə”si elə ilk anlardan tamaşaçılara Seyid sənətinin qüdrətindən zövq almaq imkanı yaratdı.

Daha sonra tədbirin aparıcısı, tədqiqatçı alim Gülhüseyn Kazımlı Seyid Şuşinskinin həyat və yaradıcılığından geniş söhbət açdı. Bildirdi ki, xanəndə sənəti ilə gənc və yaşlı nəsil arasında bir körpü yaradıb. Bu günün xanəndələri həmin körpüdən istifadə edərək keçmişin muğamını orijinal formada ifa edirlər.  Qarabağ xanəndəlik məktəbinə mənsub qüdrətli sənətkar Seyid Şuşinski xalqımızın mənəvi dünyasının formalaşmasında müstəsna əhəmiyyət daşıyan qədim muğam ənənələrimizi layiqincə qoruyaraq yaşadıb. Geniş diapazonlu, nadir, ecazkar səsə və yüksək səhnə mədəniyyətinə malik böyük muğam ustası mükəmməl ifaçılıq nümunələri ilə Azərbaycan musiqi xəzinəsini daha da zənginləşdirib.

Seyid Şuşinski müəllim kimi uzun illər ərzində istedadlı musiqiçilərin yetişdirilməsində də təqdirəlayiq fəaliyyət göstərib. Onun tələbələri sırasından Əlibaba Məmmədov, İslam Rzayev, Qulu Əsgərov, Nəriman Əliyev kimi muğam  sənətimizdə özünəməxsus dəst-xətti olan sənətkarların adını çəkmək olar. Unudulmaz xanəndənin həyat və yaradıcılığından danışılarkən vurğulandı ki, Seyid Şuşinskinin həyatını üç hissəyə  Şuşa, Tiflis və Bakı,  yaradıcılığını isə iki hissəyə – xanəndə və müəllimlik dövrlərinə bölərək təhlil etmək olar.

Eyni zamanda böyük xeyriyyəçiliklə məşğul olan xanəndə Tiflisdə çap olunan “Molla Nəsrəddin” jurnalının nəşrinə də yardım göstərirdi. Azərbaycan teatr  sənətinin banilərindən biri Hüseyn Ərəblinskii ilə dostluq etdikdən sonra isə dahi Üzeyir Hacıbəyovun üç əsərində “Arşın mal alan”da Əsgər, “Leyli və Məcnun”da İbn Səlam, “O olmasın bu olsun”da Sərvər obrazlarını yaradıb. Bakıya köçdükdən sonra isə opera müğənnisi kimi səhnədə çıxışlar edib. Muğamın sistemləşdirilməsində Üzeyir bəyə yaxından kömək edən Seyid Şuşinski ilk Azərbaycanlı xanəndə kimi Tiflis səhnəsində İran konsulunun İtaliyada təhsil alan qızı ilə birlikdə fortepianonun müşayiəti ilə konsert vermiş və səhnəyə avropa geyimində çıxmışdı.

Tədbirdə Xalq artistləri Arif Babayev, Ramiz Quliyev , Canəli Əkbərov, professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru  Arif Əsədullayev Seyid Şuşinskinin bənzərsiz sənət dünyasından söz açaraq, sənətkarla bağlı xatirələrini bölüşdülər. Bildiridilər ki, Azərbaycanda muğam sənəti Seyid Şuşinskinin proqramı ilə tədris olunur. Sənətkar məktəb yaradaraq muğam tarixinə öz möhürünü vurub. Onun tələbələri Azərbaycanın muğam sənətini xarici ölkələrdə təbliğ edir və dünyaya sevdirirlər. Gecədə iştirak edən Əməkdar müəllim Nəriman Əliyevin ailə üzvləri Seyid Şuşinskinin şəxsi qovluğunu ( içində sənətkarın repertuarı və şəxsi qeydləri) Gülhüseyn Kazımlıya elmi tədqiqat məqsədilə hədiyyə etdilər. Diqqətə çatdıraq ki, Seyid Şuşinski uzun müddət tələbəsi Nəriman Əliyevin Buzovnadakı evində yaşamışdır.
Tədbirin sonunda  ailə üzvləri adından Seyid Şuşinskinin qardaşı Seyid Mirişin nəvəsi Zümrüd Novruzova sənətkarın 130 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncama görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirdi.

Yubiley gecəsində Əməkdar artistlər  Bəyimxanım Vəliyeva, Ehtiram Hüseynov, İlkin Əhmədov, Əməkdar müəllim Qəzənfər Abbasov, muğam müəllimi , xanəndə Sabir Abdullayev və xanəndə Sarvan Niftəliyevin rəngarəng ifaları təqdim olundu. Gecə boyunca səslənən muğam dünyamızın təsnifləri, rəngləri, darəmədləri Seyid ruhuna bir rahatlıq və əbədi ehtiram bəxş etmiş oldu.

Frame.az

Exit mobile version