EventsTəqdimat

“Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah” adlı regional seminar

Cari ilin 25 yanvar tarixində Azərbaycan Xalça Muzeyində İCOM Azərbaycan Milli Komitəsi, Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı, İCOM Gürcüstan Milli Komitəsi və P.S. Həmzətova adına Dağıstan Təsviri İncəsənət Muzeyinin (Mahaçqala, Rusiya) dəstəyi ilə “Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah” adlı regional seminar öz işinə başlayıb.

Seminarın açılışında İCOM Azərbaycan Milli Komitəsinin sədri, Xalça Muzeyinin direkroru Şirin Məlikova çıxış edərək seminara qatılan qonaqları salamladı və seminar barəsində ətraflı məlumat verdi. O, bildirdi ki, seminar ərzində iştirakçılar tərəfindən zərgərlik sənəti ənənələrinin qorunması və onların inkişafı, yenidən yaradıcı şəkildə işlənilməsi, müasir dünyada ənənəvi bəzəklərin aktuallığı kimi bir çox suallara toxunulacaq (məsələlər müzakirə olunacaq). Eyni zamanda, muzeylərin müasir zərgərlərlə əməkdaşlığı, muzey kolleksiyası üçün müəllif əsərlərin alınması, xalqın əsrlər boyu formalaşmış estetik zövqünü əks etdirən ənənəvi zərgərlik nümunələrinə marağın oyadılması üçün sərgilərin təşkili imkanlarını müzakirə etmək planlaşdırılır. Zərgərlik ənənənləri ilə məşhur olan regionumuzda bu və digər məsələlərin aktuallıq dərəcəsini müəyyənləşdirmək üçün Gürcüstan və Dağıstandan muzey işçiləri dəvət olunub.

Tədbirdə iştirak edən Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev çıxışı zamanı seminarın keçirilməsini yüksək dəyərləndirib. Qeyd edib ki, bu gün hər birimiz unikal bir regional seminarın şahidiyik. Son 20 il ərzində Azərbaycanda zərgərliklə bağlı belə bir tədbir keçirilməyib. Beynəlxalq səviyyəli regional seminarın keçirilməsi zərgərlik sahəsində çalışan insanların qarşılıqlı əlaqələrinə yardım edəcək. Gürcüstanla sıx əlaqələrimiz olsa da, bu gün artıq müvəffəqiyyətlə baş tutan Dağıstan muzeyləri ilə əməkdaşlığımızdan məmnunluğumu ifadə etmək istərdim. Dağıstan və Gürcüstanda zərgərlik geniş inkişaf edib və ölkələrimiz arasında bu sənət sahəsində spesifik oxşar cəhətlər də mövcuddur. Mədəniyyət və Turizm Nazirliyi hər zaman bu növ tədbirlərin keşirilməsinə dəstəkdir və seminarın işinə uğurlar arzulayırıq. 

Daha sonra ilk regional seminar öz işinə başladı. Seminarın moderatoru əməkdar incəsənət xadimi, sənətşünas Cahangir Səlimxanov oldu. Akademik sessiyalarda ölkəmizi Azərbaycan Rəssamlıq Akademiyasından Sevil Sadıxova, Azərbaycan Xalça Muzeyindən Şirin Məlikova, Mira Məmmədxanova və Fəxri Əyyubov, Azərbaycan Milli İncəsənət Muzeyindən Nailə Rəhimova, Milli Azərbaycan Tarixi Muzeyindən Məhfuzə Zeynalova, “YARAT” Müasir İncəsənət Mərkəzindən Fərid Abdullayev, “RƏSM” zərgərlik brendinin sahibi Rəsminə Qürbətova təmsil etdilər. Bundan əlavə, Gürcüstan Dövlət Xalq-Tətbiqi Sənət Muzeyindən İzolda Melikişvili, Batumi Arxeologiya Muzeyindən Tamar Şalikadze və İzolda Dumbadze, Gürcüstan Milli Muzeyindən Ermili Maqradze, P.S. Həmzətova adına Dağıstan Təsviri İncəsənət Muzeyindən Salixat Həmzətova (direktor) və Aişat Maqomedova öz məruzələri ilə çıxış etdilər.

Akademik sessiyanın sonunda məruzəçilərə sertifikatlar təqdim olundu.

Qeyd edək ki, “Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah” adlı regional seminar yanvarın 27-dək davam edəcək.

Həmin gün “Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah” adlı regional seminar çərçivəsində təşkil olunmuş zərgərlik sərgisinin açılış mərasimi keçirildi.

Burada Azərbaycan, Gürcüstan və Dağıstan zərgərlərinin əl işləri nümayiş olunur. Sərgidə ölkəmizi zərgərlərdən Mehriban Sadıqova, Eduard Şamarayev, Vüqar Xudaverdiyev, Elçin Kərimov, İslam Həzrətov, Samir Misirov, Şahin Əlipənahov, Cəmaləddin Əyyubov, Füzuli Seyidzadə, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi və “Rəsm” zərgərlik brendi təmsil edəcəklər. Azərbaycan zərgərlik məmulatları həm ənənəvi texnika, həm də müasir dizayn üslubları ilə hazırlanmışdır.

Gürcüstanın ənənəvi zərgərlik sənəti gümüş üzərində minasazlıq texnikasında hazırlanmış əsərlərdə öz əksini tapmışdır.

Dağıstan ənənəvi zərgərlik sənəti Rabadan Kişevin böyük məharətlə hazırladığı nümunələrlə təmsil olunur.

Sərgidə nümayiş olunan əsərlərdə zərgərlik sənətinin bütün texnikaları ilə, o cümlədən, minasazlıq, qarasavad, cızma, həkketmə və digərləri ilə yaxından tanış olmaq mümkündür.

Açılış mərasimində İCOM Azərbaycan Milli Komitəsinin sədri, Xalça Muzeyinin direkroru Şirin Məlikova, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin müavini Sevda Məmmədəliyeva, P.S. Həmzətova adına Dağıstan Təsviri İncəsənət Muzeyinin direktoru Salixat Həmzətova və Gürcüstan Milli Muzeyinin kuratoru İzolda Melikişvili çıxış etdilər. Daha sonra sərgidə iştirak edən zərgərlərə sertifikatlar təqdim olundu.

Sonra isə qonaqlar sərgi ilə tanış oldular.

Qeyd edək ki, sərgi 27 yanvar tarixinədək nümayiş olunacaq. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!