Özbəkistan Xarici İşlər Nazirliyinin dəstəyi və Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə Daşkənd vilayətinin Bostanlıq rayonunda Xalqların Mədəniyyət və Kulinariya Festivalı keçirilib.
Festivalda Azərbaycan, Çin, Rusiya, Özbəkistan, Qazaxıstan, Hindistan, Koreya, Avropa İttifaqı ölkələri, Gürcüstan, Pakistan, Ukrayna, Qırğızıstan, Fələstin, Əfqanıstan və digər ölkələr iştirak edib, öz milli mətbəxlərini təqdim ediblər.
Festivalın keçirilməsində əsas məqsəd ölkələrin milli mədəniyyətinin, mətbəxinin təbliğ edilməsi olub.
Azərbaycan səfirliyi və qurumun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi (AMM) festivalda Azərbaycan guşəsini yaradıb.
İştirakçılar və qonaqlar Azərbaycan milli mətbəxinə aid balıq ləvəngisi, çığırtma, kükü, lavaş və başqa yeməklərə qonaq ediliblər. Yeməklər festivalın münsiflər heyəti və iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.
Milli mədəniyyət nümunələrimizi özündə əks etdirən Azərbaycan stendi və AMM tərəfindən hazırlanan balıq ləvəngisi festivalın sonunda xüsusi mükafatla təltif edilib.
Festivalda Qırğızıstan birinci, Azərbaycan ikinci, Əfqanıstan isə üçüncü yerə layiq görülüblər.
Guşədə milli mədəniyyətimizi, mətbəximizi özündə əks etdirən, özbək dilində çap olunmuş “Azərbaycanın mədəni irsi” kitabı təqdim edilib və iştirakçılara paylanılıb.