Azərbaycan Xalça Muzeyində keçirilən beynəlxalq konfrans uğurla yekunlaşıb
Oktyabrın 10-12-də Azərbaycan Xalça Muzeyində Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları (ICDAD) və Tarixi ev muzeyləri üzrə beynəlxalq komitələrinin (DEMHIST) “Dekorativ sənət və interyer” adlı konfransı keçirilib.
Azərbaycanın Mədəniyyət Nazirliyi, Beynəlxalq Muzeylər Şurası (ICOM), o cümlədən ICDAD və DEMHIST-in, İCOM Azərbaycan Milli Komitəsi, Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı, Azərbaycan Milli İncəsənət Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Bülbülün Memorial Muzeyi və “Az-Granata” şirkətinin dəstəyi ilə baş tutan konfransda Azərbaycan, Avstriya, İtaliya, Portuqaliya, Almaniya, Livan, Niderland, Yaponiya, ABŞ, Hindistan, Misir, Çexiya, Gürcüstan, Türkiyə olmaqla, 14 ölkədən 42 nümayəndə iştirak edib.
Konfransa qatılan bir sıra xarici ölkələrin nümayəndələri konfransın işini yüksək səviyyədə qiymətləndiriblər. Beynəlxalq Muzeylər Şurasının Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları beynəlxalq komitəsinin prezidenti Helena Koenigsmarkova konfransın çox yaxşı təşkil olunduğunu bildirərək deyib ki, xalça və tekstil mövzusu Bakıda bizim üçün bir ilk idi. “Konfrans çox maraqlı müzakirələrlə, çıxışlarla yadda qaldı”.
Ölkəmizə ilk dəfə səfər etdiyini deyən qonaq Azərbaycan haqqında yüksək təəssüratlarını dilə gətirib: “Hər şeydən əvvəl Bakıdakı müasir memarlığı bəyəndim. Faktiki olaraq, ilk günümüz muzeylərdə və İçəri Şəhərdə keçdi. Ölkəniz haqqında müsbət təəsüratlarlara sahibəm”, – deyə o, bildirib.
Heydər Əliyev Mərkəzinin və Azərbaycan Xalça Muzeyinin xüsusi memarlığı ilə seçilən binasına heyranlığını dilə gətirən qonaq vurğulayıb ki, əminliklə öz təcrübəmə əsasən deyə bilərəm ki, Xalça Muzeyi dünyanın ən müasir muzeylərinə aiddir. “Həmçinin, kolleksiyanın, ekspozisiyanın, elmi-tədqiqatın keyfiyyəti – bunların hamısı ideal muzeyin əsas göstəriciləridir. Xalça Muzeyi bununla kifayətlənmir, daim inkişaf edir, bu da, cox vacibdir. Xalça Muzeyi arzularımın muzeyidir. Mən bütün muzeylərə bu inkişaf yolunu keçməyi arzu edirəm” – deyə o, sözlərinə əlavə edib.
Beynəlxalq Muzeylər Şurasının Tarixi ev muzeyləri beynəlxalq komitəsinin idarə heyətinin üzvü Yoshihiro Nakatani bildirib ki, o konfransa DEMHİSTin üzvü olaraq qatılıb. Qonaq deyib: “İnteryer haqqında bu qədər məruzəyə qulaq asmaq mənim üçün çox maraqlı idi. Biz ev-muzeylərin interyer həlli, interyer texnikaları və istifadəsi haqqında bir çox məqalələr eşitdik”.
Qonaq Azərbaycan Xalça Muzeyi, ümumiyyətlə, ölkəmiz haqqında təəssüratlarının yüksək olduğunu bildirib: “Xalça Muzeyində ekspozisiyaya, xalçaların nümayiş qaydasına heyran qaldım. Bizdə xalça olmasa da, tekstil nümunələrimiz var və bəzən tekstil sənətini gözəl nümayiş etdirmək çətindir. Amma sizin ekspozisiyanız sadə və gözəldir. Bakı və Azərbaycan haqqında təəssüratlarım çox müsbətdir. Bakıda Avropa şəhərlərinin ruhu var, yəni Milan, Paris və ya Venesiya kimi. Mən Yapon kimi, burada mənə tanış olan, bənzər bir Asiya ruhunu da hiss edirəm. Şəhəriniz iki ruhu da birləşdirir və bu, məndə müxtəlif hisslər yaradır” – deyə o, hisslərini ifadə edib.
Frame.az