Bakıda incəsənət əsərlərinin ilk hərracı keçirilib
Bu gün Bakıda ilk dəfə incəsənət əsərlərinin auksionu keçirilib. Əsərlər arasında ilkin satış qiyməti 70 min manata olan əsərlər də olub.
Frame.az xəbər verir ki, hərrac Mədəniyyət Nazirliyi, Dövlət Rəsm Qalereyası və “Auction Baku” MMC-nin təşkilatçılığı ilə “Hilton Baku” otelində baş tutub.
Auksionda Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Gennadi Brijatyuk, Zakir Hüseynov, Tofiq Cavadov, İlham Mirzəyev, Mirazər Abdullayev, Mahmud Rüstəmov və Aslan Rüstəmovun rəsm əsərləri, eləcə də Şamil Cəfərovun “İnqermandland” adlı I Pyotr (1682-1725) dövrünə aid döyüş gəmisinin maketi təqdim olunub.
Hərracda rəssam Mahmud Rüstəmovun ilkin qiyməti 500 manat olan “Yarpaqlar” tablosu 1000 manata satılıb. Aslan Rüstəmovun “Bahar 2015” əsəri 2200 manata, Mirazər Abdullayevin “Sürət” əsəri 3300 manata, Şamil Cəfərovun “İnqermandland” gəmisi 1300 manata alıcısını tapıb.
İlk auksionda ümumilikdə beş lot satılıb. Ən bahalı lot Mirazər Abdullayevin “Sürət” əsəri olub.
Auksionda xalq rəssamları Böyükağa Mirzəzadənin “Səhnə arxasında”, Maral Rəhmanzadənin “Göl”, “Lənkəran” tabloları, həmçinin Tofiq Cavadovun “Kamal Əhmədin portreti” və başqa əsərlər təqdim olunub.
Qeyd edək ki, hərraca çıxarılan əsərlərin ilk qiymətləri 500-70 000 manat arasında təyin olunub.