Azərbaycanda ilk dəfə tullantıların azaldılması və təkrar emal üzrə hakaton keçirilib
Coca-Colanın “Tullantısız Dünya” proqramı çərçivəsində Azərbaycanda ilk dəfə tullantıların azaldılması və təkrar emalı üzrə “Recyclaton” hakatonu keçirilib.
Hakaton, Coca-Cola Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “ASAN Könüllüləri” Təşkilatının əməkdaşlığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə təşkil edilib.
776 nəfərin müraciət etdiyi hakatonun finalına yüksələn 60 komanda sonuncu mərhələdə öz ideyaları ilə çıxış edib. Bunlardan 15 komanda rəqəmsal məhsullarının prototiplərini hazırlayaraq təqdim ediblər.
Coca-Cola şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya direktoru Elşad Fərzəliyev bildirib ki, “Tullantısız Dünya” proqramı ölkədə plastik tullantıların azaldılmasına xidmət edən təşəbbüslərə dəstək olur:
“Sevinirik ki, Azərbaycan gəncləri məhz ekologiya sahəsinə, xüsusilə də tullantıların azaldılmasına belə böyük maraq göstərir. Ümid edirik ki, belə bir hakaton nəticəsində maraqlı layihələr ortaya çıxacaq. Fürsətdən istifadə edərək ASAN Könüllüləri təşkilatına, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bu layihənin uğurlu olması ilə bağlı təşəkkür edirik”.
Hakatonda I yeri Bakı Ali Neft Məktəbinin “Replay” komandası, II yeri Naxçıvan Dövlət Universitetinin Ecotech komandası, III yeri isə Bakı Dövlət Universitetinin “Kript10” komandası tutub.
Qaliblər uyğun olaraq 6000 AZN, 4000 AZN və 3000 AZN dəyərində pul mükafatı qazanıb.
Bundan əlavə Bakı Ali Neft Məktəbini təmsil edən daha 3 komanda, “Wasted team”, “Lucky recycling” və “Çinar” komandaları 1000 AZN dəyərində həvəsləndirici mükafatın sahibi olub.
İdeyaları qiymətləndirən münsiflər heyətində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev və Coca-Cola şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya direktoru Elşad Fərzəliyev iştirak edib.
Qeyd edək ki, “Tullantısız Dünya” proqramı çərçivəsində Coca-Cola 2030-cu ilə qədər bazara çıxardığı bütün qablaşdırmaları toplayıb təkrar emal etməyi hədəfləyir. Bu istiqamətdə Azərbaycanda “Təmiz Ölkəm”, “Təmiz Sumqayıt”, “Horeca Pet Collection” kimi bir sıra layihələr həyata keçirib.