Mobil dünyaSosialTəqdimat

2018-ci il ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə 3581 müraciət daxil olub

2010-cu ildə “Azercell Telekom” MMC-nin dəstəyi ilə uşaqların müdafiəsi və hüquqlarının qorunması üçün yaradılan “Uşaq Qaynar Xətt” xidməti ötən ilin yekunları ilə bağlı hesabatını açıqlayıb.

Qeyd edək ki, 2018-ci il ərzində quruma 3581 müraciət daxil olub. Onlardan 1909-u təhsil, 426-sı psixoloji, 235-i sosial, 497-si hüquqi, 177-si səhiyyə, 337-si isə digər sahələrdə yaranan sualları əhatə edib. Daxil olan müraciətlərin 1432-si şəhərdaxili, 1995-i mobil telefon, 54-ü isə mobil sms-lə qeydə alınıb.

Zənglər üzrə aparılan təhlillərdən çıxan nəticələrə əsasən uşaqlarda baş verən narahatlıqların, psixoloji problemlərin əsas səbəbi valideynlərin bu istiqamətdə maariflənməsinin zəif olmasıdır. Xüsusilə də uşaqların məktəb həyatının başladığı dövrlərdə onlarda izlənilən həyəcan, özünəqapanıqlıq, qorxu, aqressiya valideynlər tərəfindən  böyük narahatlıq və təlaşla qarşılanır, uşaqlara qarşı  məhz bu səbəbdən kobud davranılır. Eyni zamanda müraciət edənlər arasında şəxsiyyətlərarası konfliktlərdən əziyyət çəkən yeniyetmələr də üstünlük təşkil edir. Problemin səbəbi isə uşaqların valideyn və yaşıdları ilə münasibətdə yaşadıqları fikir ayrılıqları və buna qarşı özünümüdafiə mexanizmi kimi istifadə etdikləri aqressiya görünür.

Qeyd edək ki, “Uşaq Qaynar Xətt” xidmətinin əsas iş prinsipi – məxfilikdir. “Uşaq Qaynar Xətti” xidmətinə daxil olan  bütün məlumat məxfi saxlanılır.

“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin əsas məqsədi problemlə üzləşmiş hər bir uşağa sosial xidmət, psixoloji və hüquqi yardım, emosional dəstək, onun qarşılaşdığı çətinliklərin həllinə dair məsləhətlər vermək, ehtiyac olduğu zaman müraciətlərin digər müvafiq xidmətlərə yönləndirilməsini təmin etmək və təxirəsalınmaz kömək göstərməkdir.

Təklif edilən xidmət dövlət uşaq müəssisələrində olan, küçədə yaşayan və işləyən, istismara və zorakılığa məruz qalan, psixoloji və emosional problemlərlə üzləşən, fiziki və əqli imkanları məhdud olan, habelə sosial çətinliklər yaşayan ailələrdən olan, hüquqları pozulmuş, qanunla münaqişədə olan, xüsusi qayğıya və müdafiəyə ehtiyacı olan  hər bir uşağın probleminin həll edilməsi  üçün nəzərdə tutulub.  Onu da qeyd edək ki, fəaliyyət göstərdiyi 8 il ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə 36 289 müraciət daxil olub.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!