2022-ci il Formula 1 Azərbaycan Qran-Prisini 60 milyona yaxın azarkeş izləyib
“Formula One Management” 2022-ci il Formula 1 Azərbaycan Qran-Prisinin qlobal izləyici sayına dair hesabat təqdim edib.
Bakı yarışının qlobal auditoriyası 60 milyona yaxın olub. Bir çox ölkələrdə izləyici sayı ötən illə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Yaponiya (116 faiz artım), Polşa (76 faiz), Kanada (34 faiz), Macarıstan (33 faiz) və ABŞ (21 faiz) kimi ölkələr bu sıraya daxildir. Bu il Formula 1 Azərbaycan Qran-Prisinin izləyici kütləsi arasında top üçlükdə İtaliya, Böyük Britaniya və Niderland yer alır.
2022-ci il Azərbaycan Qran-Prisini Formula 1-in rəsmi veb səhifəsi və mobil tətbiqi vasitəsilə 8 milyondan çox unikal istifadəçi izləyib. Bu rəqəm 2021-ci illə müqayisədə 9 faiz, 2019-cu illə müqayisədə 111 faiz artıb.
Dünya çempionatının Azərbaycan mərhələsinin sosial media (feysbuk, instaqram, tviter, yutub) izləyicilərinin sayı 116 faiz artmaqla yüksək həddə çatıb.
Bundan başqa, Formula 1 azarkeşləri arasında keçirilən sorğuya əsasən, respondentlərin 74 faizi Formula 1 Azərbaycan Qran-Prisinin davamlı keçirilməsinin tərəfdarıdır. Azarkeşlərin 73 faizi Bakı şəhər halqasının F-1 yarışının təşkili üçün möhtəşəm yer olduğunu, 74 faizi isə onun ötmə manevri üçün ideal imkan yaratdığını qeyd edib. Ümumilikdə respondentlərin 62 faizi Bakı yarışının Formula 1 təqvimində ən sevimli yarışlardan biri olduğunu vurğulayıb.