3 İyul – Beynəlxalq Polietilen Paketsiz Gününə həsr olunan aksiya keçirilib
3 İyul – Beynəlxalq Polietilen Paketsiz Gününə həsr olunan “Polietilen torbaları ekoçantalarla əvəz edək” aksiyası zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən marketlərdə və digər ictimai yerlərdə vətəndaşlara ekoçanta hədiyyə edilib. Eyni zamanda ekokönüllülər tərəfindən onlara polietilen torbaların ziyanı barədə ətraflı məlumat verilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, aksiyanın keçirilməsində məqsəd polietilen torbalardan istifadənin azaldılmasına nail olmaq, alternativ vasitə olan ekoçantalardan istifadəyə üstünlük verməkdir.
Qeyd edilib ki, yüz illərlə təbiətdə çürümədən qalan polietilen torbalar qısa müddətdə istifadə olunur, atılır və ətraf mühitə ziyan vurur: “Odur ki, dəfələrlə istifadə oluna bilən parça, həsir və digər alternativ torbalardan istifadə edərək ətraf mühitin qorunmasında birgə səy göstərək”.
Vurğulanıb ki, plastik tullantıların ətraf mühitə zərərlərinin azaldılması istiqamətində ölkəmizdə qalınlığı 15 mikrona qədər olan plastik torbaların satışı, idxalı və istehsalı 2021-ci il yanvarın 1-dən tam qadağan edilib. Cari il fevralın 15-dən etibarən isə market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar ayrıca məhsul növü kimi müştərilərə ödənişli qaydada təqdim edilir.