ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta “AmCham”ın üzvləri ilə görüşüb

Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) üzvləri üçün ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanın Azərbaycandakı diplomatik xidmətinin başa çatmasına həsr olunmuş aylıq işgüzar nahar təşkil edib. Diplomatik korpusun nümayəndələri də daxil olmaqla tədbirdə 100-dən çox qonaq iştirak edib.

Tədbiri açıq elan edən “AmCham Azərbaycan”ın icraçı direktoru xanım Natəvan Məmmədova qonaqları salamlayaraq cənab Robert Sekutaya Azərbaycanda həyata keçirdiyi xüsusi xidmətləri üçün minnətdarlığını ifadə edib.

Öz növbəsində çıxış edən Robert Sekuta Azərbaycanda keçirdiyi 3 il ərzində yaşadığı təəssüratları və təcrübələri haqqında qısaca danışdı və həm problemlərin, həm də imkanların mənbəyi olan ölkənin unikal geosiyasi mövqeyini vurğulayıb və qeyd edib ki, Azərbaycan ilk müasir müsəlman demokratiyası və qadınların səsvermə hüquqlarını tanıyan ilk müsəlman ölkəsi olmuşdur – bu, Azərbaycanın tolerantlıq nümunəsidir. Cənab Sekuta şərq və qərbi birləşdirən nəhəng nəqliyyat şəbəkəsinin əlaqələndirilməsi baxımından Azərbaycanın beynəlxalq əhəmiyyətini, eləcə də ölkənin neft və qaz istehsalçısı olaraq qlobal və regional energetika təhlükəsizliyinə gələcəkdə də töhfə vermə potensialını və ekstremizm və terrorizmlə mübarizədəki rolunu vurğulayıb.

Bundan əlavə, o, Azərbaycanın öz iqtisadiyyatını şaxələndirməyə, qanunun aliliyini gücləndirməyə və korrupsiyaya qarşı mübarizə aparmağa davam edəcəyinə ümid bəslədiyini dilə gətirib. O, biznes üçün hüquqi müdafiənin təmin edilməsi ilə birlikdə, bütün bunların ölkəyə investisiyaların cəlb edilməsi və ölkənin özəl sektorunun inkişafı baxımından faydalı olacağını bildirib.

Tədbirin sonunda, “AmCham Azərbaycan”ın prezidenti Nuran Kərimov 2015-ci ilin fevral ayında Bakıya gələn Robert Sekutanın Palatanın fəaliyyətinə böyük töhfə verdiyini vurğulayıb, həmçinin, ABŞ və Azərbaycan arasındakı əlaqələrin hər aspektinə yüksək məsuliyyət hissi ilə yanaşdığına görə səfirə xüsusi minnətdarlığını bildirib.

Qeyd edək ki, Palatanın təşəbbüsü olan və “AmCham Azərbaycan” tərəfindən hər ay təşkil olunan işgüzar naharda yüksək vəzifəli hökumət rəsmiləri, parlament üzvləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər.

Xatırladaq ki, “AmCham Azərbaycan” xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya əsaslı, aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış “AmCham Azərbaycan” iqtisadiyyatın hər bir sektorunda fəal olan 280-dən çox üzv və köməkçini özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli biznesin mühüm hissəsini təmsil edir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: