ADA Universiteti və “Coca-Cola” Novruz bayramını ağac əkərək qeyd etdilər
ADA Universiteti və “Coca-Cola” şirkəti Bakıda VI Bahar Gənclik Festivalını keçirərək Novruz bayramının gəlişini qeyd ediblər. Ənənəvi olaraq bayram şənliyindən öncə ADA Universitetinin rektoru Hafiz Paşayev, universitetin tələbə və müəllim heyəti, eləcə də “Coca-Cola“ şirkətinin əməkdaşları “Dədə Qorqud” parkında şam ağacları əkiblər.
Sözü gedən ağacəkmə aksiyası “Coca-Cola” Fondu, ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi, və Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə həyata keçirdiyi “Ağac əkək, təbiətə töhfə verək” adlı layihəsinin bir hissəsidir.
Tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edən ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov bildirib: «“Coca-Cola” şirkəti ilə ölkəmizi gözəlləşdirmək istiqamətində başladığımız bu əməkdaşlıq artıq 50 min ağacın əkilməsi ilə nəticələnib. Ağacların əsasən eldar şamı və zeytun ağacları olması şüurlu bir seçimdir, çünki hər iki ağac həmişə yaşıl, uzunömürlü və estetik eləcə də su ehtiyatlarını qənayətlə istifadə edən və Azərbaycan iqliminə uyğun ağaclardı. Ağacları əkməklə kifayətlənmirik, həm də böyüdür və yaşadırıq, çünki ağac əkənlər çoxdur amma ağaca baxanlar və qoruyanlar azdır. Ağacəkmə aksiyasında iştirak edən hər bir kəsi qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm».
Öz növbəsində “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev şirkətin Azərbaycanda ətraf mühitin inkişafına verdiyi prioriteti vurğulayıb: “Sosial məsuliyyətli bir şirkət olaraq “Coca-Cola” hər zaman fəalliyətdə olduğu ölkələrin inkişafı üçün müəyyən işlər görür. Artıq dörd ildir ki, “Coca-Cola Fondu” və ADA Universiteti Azərbaycanın yaşıllaşdırılması üçün əməkdaşlıq edir və bu əməkdaşlığın nəticəsi olaraq 50 min ağacın əkilməsi bizə xüsusi qürur hissi verir. Bu əməkdaşlıq “Coca-Cola”və ADA Universitetinin ölkəmizin təbiyətinə olan töhfəsidir. Fürsətdən yararlanaraq bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir, hər bir ailəyə bayram sevinci və xoş günlər arzulayırıq”.
Layihə çərçivəsində Ələt, Siyəzən, Şıxov və Pirəkəşkül də daxil olmaqla 55 hektara yaxın boş ərazidə bu günədək 50 min çinar, zeytun və şam ağacları əkilib. Layihənin icrasına başlamazdan əvvəl bu ərazilərin əksər hissəsi yarımsəhralıq olub. Hazırkı vəziyyətdə isə böyümüş şam və zeytun ağacları atmosferi oksigenlə zənginləşdirir, bütövlükdə eko-sistemin inkişafına öz faydasını verir. Ağaclar əkildikdən sonra da onların düzgün suvarılması və uzunömürlü olmaları üçün ərazilər daimi olaraq nəzarətdə saxlanılır.
“Dədə Qorqud” parkında keçirilən ağacəkmə aksiyasından sonra VI Bahar Gənclik Festivalına start verilib. Festival sərgi, konsert, milli geyimlər, Azərbaycanın müxtəlif xalça məktəblərinin nümunələri, ləziz bayram mətbəxinin şirniyyatları, tonqaldan atlanma və bu kimi ilaxır çərşənbə axşamının özünəməxsus adət-ənənələrinin nümayişi ilə davam edib, ADA Universitetinin Tədris mərkəzinə əsl bayram ab-havası gətirib. ADA Universitetində qurulan “Coca-Cola” səhnəsində ADA Universitetinin tələbələri əyləncəli bayram proqramı ilə çıxış edib, həmçinin Azərbaycanın xalq artisti Aygün Kazımova, Azərbaycanın əməkdar artisti Lalə Məmmədova, “Eurovision” mahnı müsabiqəsinin Azərbaycandan olan iştirakçıları və bir sıra digər tanınmış pop və milli musiqi ifaçıları qonaqları mahnıları ilə sevindirib.
Frame.az