ADO teatrı Milli Mədəniyyət forumundan imtina edib
Azərbaycanın ilk müstəqil və yeganə modern teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) Avropa İttifaqının Şərq Tərəfdaşlığı “Mədəniyyət və Yaradıcılıq” proqramı çərçivəsində təşkil olunan Milli Mədəniyyət forumuna qatılmaqdan imtina edib.
Bu barədə teatrın qurucusu Elmin Bədəlov məlumat verib: “Bu proqram iki ildir ki, Azərbaycanda keçirilir. Biz tez-tez təşkil olunan tədbirlərdə iştirak etmişik. Tədbir zamanı ölkə mədəniyyətinin durumu haqda olan maraqlı müzakirələr də az olmayıb. Müzakirələr zamanı vurğulanan məsələlərdən biri də mədəniyyətə, yaradıcılığa azadlığın verilməyinin vacibliyi olub. Lakin son dövrlər Azərbaycanda yaradıcılar sıxışdırılır, aktyorlar işdən çıxarılır, üstəlik mədəniyyət naziri yaradıcı insanlara mənfi təsir edəcək, onların azadlığını məhdudlaşdıracaq çıxış edib. Hazırda Azərbaycan mədəniyyətinin durumu çıxılmaz vəziyyətdədir. Belə bir məqamda proqramın yekununa həsr olunmuş forum keçirilir, forum Mədəniyyət və Turizm Nazirliyi ilə birgə təşkil olunur və ölkəmizdə mədəniyyət insanlarına edilən basqıyla bağlı heç bir addım atılmır. Ölkə mədəniyyətinin belə bir çətin durumunda bu tip forumun keçirilməsində heç bir fayda görmürük”.
Frame.az