EventsTeatrTəqdimat

Akademik Milli Dram Teatrında Ağasadıq Gəraybəylinin 120 illiyinə həsr olunan tədbir keçirilib

Akademik Milli Dram Teatrında Xalq artisti, görkəmli teatr və kino xadimi Ağasadıq Gəraybəylinin anadan olmasının 120 illiyinə həsr olunan yubiley tədbiri keçirilib.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, dövlət rəsmilərinin, mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbir
“Ağasadıq Gəraybəylinin 120 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” əsasında təşkil olunub.
Gecədə Azərbaycan Dövlət Teatr Muzeyinin arxivindən Ağasadıq Gəraybəylinin həyat və yaradıcılığını əhatə edən sərgi, sənətkarın rol aldığı filmlərdən kadrlar nümayiş olunub.
Yubiley tədbirində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev sənətkarın həyat və yaradıcılığından danışıb, onun Azərbaycan teatrının və kinosunun inkişafındakı xidmətlərinə diqqət çəkib.
Nazir müavini qeyd edib ki, Ağasadıq Gəraybəyli ömrünün sonuna qədər sənət sevgisini, teatr təəssübkeşliyini qoruyub saxlayıb: “Ağasadıq Gəraybəyli o nadir sənətkarlardan biridir ki, 1940-cı ildə əməkdar artist adını almadan birbaşa xalq artisti fəxri adına layiq görülüb. 1930-50-ci illərdə böyük sənətkarımız görkəmli dramaturqların
əsərlərində çox dəyərli obrazlar yaradıb, bizim milli kinomuzun formalaşmağında vacib töhfəsini verib. Ağasadıq Gəraybəyli sənətkar kimi özünə qarşı böyük tələbkar, ətrafdakılara münasibətdə hər zaman örnək idi. O, konfliktlərdən uzaq, sözünün yerini bilən, hər zaman ağsaqqallıq missiyasını axıra qədər ləyaqətlə daşımağı bacaran insan idi”.
A. Gəraybəylinin nəvəsi, Tibb Universitetinin rektoru Gəray Gəraybəyli tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, sənətkarın 120 illik yubileyi çərçivəsində bir çox tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
Mərasimdə eyni zamanda Ağasadıq Gəraybəylinin səhnəyə ilk gəlişini özündə əks etdirən səhnəcik, “Müfəttiş” tamaşasından parça və musiqi nömrələri təqdim olunub.
Yubiley tədbirinin rejissoru və ssenari müəllifi əməkdar artist Firudin Məhərrəmov, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur.
Qeyd edək ki, Ağasadıq Gəraybəyli 1897-ci ildə Şamaxıda anadan olub. Məktəbdə Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub. Hüseyn Ərəblinskidən, Mirmahmud Kazımovskidən dərs alıb. Hüseyn Ərəblinskinin sayəsində “Nicat”, sonra “Səfa” həvəskar teatr dərnəklərinə üzv olub. 1933-cü ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. 1988-ci il dekabrın 5-də Bakı şəhərində vəfat edib.
Fotolar Sevinc Aslanovanındır.
Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!